PDF Oxu

Siyasət

  • 781

Tamhüquqlu üzvlükdən sədrliyə: Azərbaycan Mərkəzi Asiya formatında yeni mərhələyə qədəm qoyur - FOTO

image

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində, Xəzərin şərq sahilindəki “Avaza” Kompleksində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Bu görüş təkcə növbəti diplomatik tədbir deyildi. O, Azərbaycanın regionda tutduğu mövqeyin, son illərdə həyata keçirilən ardıcıl xarici siyasətin və qardaş xalqlar arasında qurulan etimadın məntiqi nəticəsi kimi tarixə düşdü.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Dövlətimizin başçısı bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün həmkarlarına bir daha təşəkkürünü bildirdi. Bu qərarın yekdilliklə qəbul edilməsi çox mühüm bir həqiqəti ortaya qoyur: Mərkəzi Asiya ölkələri Azərbaycanı kənar tərəfdaş kimi deyil, ortaq tarixi, mədəniyyəti və gələcəyi olan qardaş dövlət kimi qəbul edirlər.

Prezident İlham Əliyev bu prosesdə Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu xüsusi qeyd etdi. Məhz ötən ilin avqust ayında, elə həmin Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü irəli sürülmüşdü. Bir il sonra eyni məkanda Azərbaycanın artıq tamhüquqlu üzv kimi iştirak etməsi təşəbbüsün necə sürətlə reallığa çevrildiyini göstərir.

Görüşdə səslənən fikirlər Azərbaycanın formata qoşulmasının region liderləri tərəfindən necə dəyərləndirildiyini aydın göstərdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, ilk dəfədir ki, görüş qardaş Azərbaycanla birlikdə keçirilir və bu, xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Prezident İlham Əliyevi Məşvərət görüşünün tamhüquqlu iştirakçısı kimi xüsusi salamladı. Tokayev görüşün ölkələrimizin müstəqilliyinin 35-ci ildönümünün qeyd olunduğu bir ildə keçirilməsinin rəmzi mənasını da önə çəkdi. Onun sözlərinə görə, bu illər ərzində ölkələrimiz uzun, mürəkkəb və eyni zamanda məhsuldar bir yol keçib, suverenliyini möhkəmləndirib, inkişaf modellərini formalaşdırıb və beynəlxalq ictimaiyyətdə layiqli yerini tutub.

Görüşün ən mühüm nəticələrindən biri Azərbaycanın 2027-ci ildə Məşvərət görüşünə ilk dəfə sədrlik edəcəyinin təsdiqlənməsi oldu. Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi bu münasibətlə səmimi-qəlbdən təbrik edərək Azərbaycanın sədrliyinin birgə fəaliyyətə və qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini bildirdi. Japarov Qırğızıstanın Azərbaycanın sədrlik prioritetlərinin uğurla həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu da açıqladı. Şavkat Mirziyoyev də Azərbaycanı sədrliyi qəbul etməsi münasibətilə təbrik etdi və Azərbaycan tərəfinin rəhbərliyi ilə format çərçivəsində görülən işlərə əlavə təkan veriləcəyini, qardaşlıq əməkdaşlığının birlik, etimad və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı.

Beləliklə, cəmi bir il ərzində Azərbaycan formatda təşəbbüs mərhələsindən tamhüquqlu üzvlüyə, oradan isə sədrlik məsuliyyətinə qədər yol keçdi. Bu, ölkəmizin regional əməkdaşlıqda etibarlı, təşəbbüskar və birləşdirici tərəfdaş kimi qəbul edildiyinin ən bariz göstəricisidir.

Bu uğurun arxasında Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti dayanır. Azərbaycan çoxşaxəli, balanslı və milli maraqlara söykənən siyasət yürüdərək həm Qərblə, həm Şərqlə, həm də türk dünyası ilə sıx əlaqələr qurub. Mərkəzi Asiya istiqaməti bu siyasətin ən uğurlu və perspektivli qolu kimi önə çıxır. Xəzərin hər iki sahilini birləşdirən bu əməkdaşlıq artıq siyasi bəyanatlar səviyyəsindən çıxaraq konkret layihələr, investisiyalar, nəqliyyat və enerji marşrutları ilə zənginləşib.

Görüşdə səslənən təşəbbüslər formatın gələcək gündəliyini də müəyyən etdi. Qazaxıstan Prezidenti süni intellektdən məsuliyyətli istifadəyə dair birgə Bəyannamənin hazırlanmasını, regionda keçiriləcək mədəniyyət, idman, turizm və elm tədbirlərinin vahid təqvimini təklif etdi. Qırğızıstan Prezidenti vahid elektron ticarət platformasının yaradılması və “Bir səyahət – bir neçə ölkə” prinsipi əsasında birgə turizm marşrutları ideyasını irəli sürdü. Özbəkistan Prezidenti isə 2027-ci ildə Xivədə “Mərkəzi Asiya – Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi. Bu təşəbbüslərin bir çoxu məhz Azərbaycanın sədrlik ilində reallaşacaq və ölkəmiz onların icrasında əlaqələndirici rol oynayacaq.

Prezident İlham Əliyevin çıxışında səslənən əsas ismarış aydındır: ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməlidir. Azərbaycan 2027-ci il sədrliyinə məhz bu prinsiplə – birlik, etimad və ortaq inkişaf naminə – hazırlaşır. Türkmənbaşı görüşü göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid regional məkanın bərabərhüquqlu iştirakçılarıdır və bu birlik gələcəkdə daha da güclənəcək.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər