PDF Oxu

Siyasət

  • 824

Yeni inkişaf mərhələsinin strateji hədəfləri - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirak etdiyi və nitq söylədiyi qurultay ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalıb. Bu ali toplantı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni tarixi şəraitdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyası 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranarkən ölkəmiz mürəkkəb siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə idi. Dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, milli maraqların müdafiəsi və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi qarşıda duran əsas vəzifələr idi. Partiyanın yaranması həmin dövrdə cəmiyyətdə mövcud olan dövlətçilik tələbatının və güclü siyasi təşkilata olan ehtiyacın ifadəsi idi.
Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, dövlətçilik fəlsəfəsi və xalqla sıx bağlılığı Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarının formalaşmasında mühüm rol oynayıb. Partiyanın fəaliyyəti müstəqil Azərbaycanın möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və ölkənin davamlı inkişafı ideyaları üzərində qurulub. Bu siyasi irs sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilib.
VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın tam suverenlik şəraitində keçirilməsidir. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın müasir tarixində yeni mərhələ yaradıb. Bu nailiyyətlər dövlətin siyasi iradəsinin, xalqın birliyinin, ordunun qüdrətinin və uzunmüddətli strateji xəttin nəticəsi kimi qiymətləndirilir.
Qurultayda çıxış edən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq, partiyanın fəaliyyətinin və qəbul etdiyi qərarların yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyət daşıdığını qeyd edib. Dövlət başçısının çıxışı keçilmiş yolun qiymətləndirilməsi ilə yanaşı, qarşıdakı dövrün əsas istiqamətlərini və məsuliyyətlərini də diqqətə çatdırıb.
Qurultay çərçivəsində VII Qurultaydan sonrakı dövrdə görülmüş işlər barədə hesabatlar təqdim olunub. YAP Sədrinin müavini Tahir Budaqov İdarə Heyətinin hesabatını təqdim edib, partiyanın təşkilati fəaliyyəti, ictimai-siyasi proseslərdə iştirakı və qarşıya qoyulan vəzifələr barədə məlumat verilib. Təftiş Komissiyasının hesabatı da dinlənilib və müzakirələrdən sonra təsdiq olunub. Qurultay nümayəndələri partiyanın ötən dövr üzrə fəaliyyətini qiymətləndirərək növbəti mərhələnin vəzifələrini müzakirə ediblər.
Toplantının mühüm məsələlərindən biri partiyanın Nizamnaməsinə dəyişikliklərin müzakirəsi olub. Təklif olunan yeniliklərin partiyanın fəaliyyət mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə prosedurlarının dəqiqləşdirilməsinə, maliyyə hesabatlılığı və təşkilati məsuliyyətin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Dəyişikliklərin təsdiqlənməsi partiya quruculuğunun hüquqi və institusional əsaslarının daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
VIII Qurultayın qarşıya qoyduğu əsas vəzifələrdən biri tarixi Zəfərin nəticələrini möhkəmləndirmək və bu nailiyyətləri davamlı inkişaf üçün yeni imkanlara çevirməkdir. Azərbaycanın qarşısında indi azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi, iqtisadi potensialın genişləndirilməsi, müasir infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi kimi mühüm hədəflər dayanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir.
Yeni mərhələdə siyasi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın dəstəklənməsi, rəqəmsal inkişafın sürətləndirilməsi və sosial siyasətin daha da gücləndirilməsi də mühüm istiqamətlərdəndir. Güclü dövlətin əsas dayaqlarından biri vətəndaşların dövlətə inamı, cəmiyyətdə həmrəylik və milli maraqlar ətrafında birliyin qorunmasıdır. Bu baxımdan siyasi təşkilatların üzərinə düşən məsuliyyət yalnız əldə olunan nailiyyətləri təbliğ etmək deyil, həm də cəmiyyətlə daim təmasda olmaq, insanların ehtiyac və gözləntilərini öyrənmək, onların həllinə töhfə verməkdir.
Gənclərlə iş və yeni nəslin dövlətçilik ruhunda yetişdirilməsi də partiyanın fəaliyyətində xüsusi yer tutmalıdır. Azərbaycanın gələcəyi savadlı, təşəbbüskar, vətənpərvər və məsuliyyətli gənclərdən asılıdır. Gənclərin ictimai həyatda iştirakının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi ölkənin davamlı tərəqqisinə xidmət edir. Eyni zamanda, partiyanın zəngin tarixi təcrübəsinin gənc nəslə çatdırılması dünənlə bu gün arasında möhkəm mənəvi körpü yaradır.
YAP-ın VIII Qurultayı keçilmiş yolun yekunlarına nəzər salmaqla kifayətlənməyən, gələcəyə yönəlmiş siyasi və təşkilati hədəfləri müəyyənləşdirən mühüm toplantıdır. Azərbaycanın yeni reallıqları partiyadan daha çevik, müasir və məsuliyyətli fəaliyyət tələb edir. Milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyin müdafiəsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi qarşıdakı dövrün prioritetləri olaraq qalır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın tam suverenlik şəraitində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirən əlamətdar hadisədir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin qarşısında yeni imkanlar açıb. Bu imkanlardan səmərəli istifadə etmək, Zəfərin nəticələrini möhkəmləndirmək, dayanıqlı iqtisadi inkişafı təmin etmək və vətəndaşların rifahını yüksəltmək ümumi məqsəd olmalıdır. Qurultayın əsas mesajı ondan ibarətdir ki, tarixi nailiyyətlər gələcək uğurlar üçün möhkəm təmələ çevrilməli, Azərbaycan daha güclü, təhlükəsiz və firavan dövlət kimi inkişafını davam etdirməlidir.

Ayaz Novruzov
Yeni Azərbaycan Partiyası Culfa rayon Camaldın kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər