Oktyabrın 13-də YAP Yasamal rayon təşkilatında “Mətbuat pr. 40” ünvanı üzrə (AR Müdafiə Sənayesi Nazirliyi) ərazi partiya təşkilatı ilə birgə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr. 40” ünvanı üzrə (AR Müdafiə Sənayesi Nazirliyi) ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, “Mətbuat pr. 40” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev tədbir iştirakçılarını salamlayaraq keçirilən görüşün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. Q.Ağayev bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan tarixi Zəfər Azərbaycan xalqının və ordusunun sarsılmaz gücünü bütün dünyaya nümayiş etdirdi. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısının irəli sürdüyü proqram xarakterli tapşırıqlar müharibədən sonrakı dövrdə hərbi-sənaye kompleksinin, hərbi-vətənpərvərlik tərbiyəsinin və ideoloji mübarizənin daha da gücləndirilməsini tələb edir. Ərazi partiya təşkilatının sədri rəhbərlik etdiyi təşkilatın üzvlərinin və müdafiə sənayesi sahəsində çalışan mütəxəssislərin bundan sonra da cənab Prezidentin siyasi xəttinə sadiq qalaraq ölkəmizin müdafiə qüdrətinin artırılması və partiya fəaliyyətinin yüksək səviyyədə təşkili üçün var gücləri ilə çalışacaqlarını bəyan edib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövrünün yeni reallıqları və partyanın gələcək inkişaf istiqamətləri barədə geniş, ətraflı məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev xüsusi olaraq qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin dövlətçilik sütunlarının möhkəmlənməsində və bütün böyük uğurların qazanılmasında aparıcı siyasi qüvvə olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini və siyasi uzaqgörənliyini uğrunda inamla davam etdirən cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki regionun, eləcə də qlobal miqyasın vacib aktoru kimi öz mövqeyini möhkəmləndirmişdir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Müzəffər Ali Baş Komandanın dəmir iradəsinin, qüdrətli Azərbaycan Ordusunun və partiyamızın illər boyunca yürütdüyü məqsədyönlü strategiyanın təntənəsidir.
B.Nəbiyev diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar partiya strukturlarının, xüsusilə də strateji dövlət qurumlarının nəzdində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açıb. Müdafiə sənayesi sektoru ölkəmizin suverenliyinin, təhlükəsizliyinin və hərbi müstəqilliyinin əsas dayaqlarından biridir. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, müasir dövrdə ideoloji fəaliyyətin əsas qayəsini gənc nəslin milli ruha, dövlətçilik prinsiplərinə və Şəhidlərimizin əziz xatirəsinə hörmət ruhunda tərbiyə olunması təşkil edir. Partiya üzvləri cəmiyyətdə, xüsusən sosial platformalarda dövlət maraqlarımızın qorunmasında və rəsmi ideoloji xəttin təbliğində fəal olmalıdırlar. B.Nəbiyev əminliyini ifadə edib ki, YAP Yasamal rayon təşkilatı və onun tərkibindəki ərazi partiya təşkilatları cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması istiqamətində öz səmərəli və məqsədyönlü fəaliyyətini əzmlə sürdürəcəkdir.
Çıxış edən AR Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Mustafa Araz nazirliyin fəaliyyət istiqamətləri, yerli istehsal potensialının gücləndirilməsi və kollektivin ictimai-siyasi həyatdakı rolu barədə fikirlərini bölüşüb. M.Araz vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanın müdafiə sənayesi kompleksi sürətlə modernləşir və ordumuzun müasir silah-sursatla təminatında mühüm rol oynayır. O, nazirliyin əməkdaşlarının və partiya üzvlərinin bundan sonra da həm hərbi-texniki potensialın yüksəldilməsində, həm də Yeni Azərbaycan Partiyasının prinsiplərinin təbliğində əzmlə çalışacaqlarını diqqətə çatdırıb.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.