Təhsil müəssisələrində nizam-intizamın qorunması, sağlam təhsil mühitinin formalaşdırılması və məktəb mədəniyyətinin inkişaf etdirilməsi baxımından geyim qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Şagirdlərin və müəllimlərin geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də məktəbdə məsuliyyət, intizam və qarşılıqlı hörmət prinsiplərinin təşviqinə xidmət edən amillərdən biridir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi təhsil mühitinin daha səmərəli təşkilinə yönəlmiş mühüm addımdır. Azərbaycan Respublikasında təhsilalanların geyim formaları ilə bağlı tələblər mövcud normativ qaydalar əsasında müəyyən edilir. Eyni zamanda, 2026-cı ilin iyul ayında “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyim tələblərinə riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunub. Həmin dəyişikliklər valideynlərin üzərinə də övladlarının müəyyən edilmiş geyim formasına əməl etməsini təmin etmək vəzifəsi qoyur.
Şagirdlərin vahid geyim formasına riayət etməsi məktəbdə ümumi nizam-intizamın möhkəmləndirilməsi, sosial fərqlərin xarici görünüş vasitəsilə qabardılmasının qarşısının alınması və kollektiv ruhunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Məktəbli geyimi şagirdlərdə təhsil müəssisəsinə mənsubiyyət hissini artırır, onların dərs prosesinə daha məsuliyyətli yanaşmasına və məktəb mühitində müəyyən edilmiş qaydalara hörmətlə yanaşmasına töhfə verir. Bu qaydaların uğurla tətbiqi üçün valideynlərin, məktəb rəhbərliyinin və müəllimlərin birgə fəaliyyəti vacibdir. Təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi də təhsil sistemində peşəkar davranış mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq edilib. Yeni qaydalar müəllimlərin geyimində vahid yanaşmanın formalaşdırılmasını və məktəblərdə işgüzar geyim mədəniyyətinin inkişafını nəzərdə tutur.
Geyim qaydalarının tətbiqində əsas məqsəd yalnız müəyyən tələblərə əməl olunmasını təmin etmək deyil, həm də təhsil iştirakçıları arasında məsuliyyət və qarşılıqlı hörmət münasibətlərini möhkəmləndirməkdir. Bu prosesdə məktəb rəhbərliyinin nəzarəti, müəllimlərin nümunəvi davranışı və valideynlərin dəstəyi mühüm rol oynayır. Qaydaların şagirdlərə aydın şəkildə izah edilməsi və onların yaş xüsusiyyətlərinin nəzərə alınması tələblərin daha düzgün mənimsənilməsinə imkan yaradır. Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəblərdə nizam-intizamın, peşəkarlığın və vahid təhsil mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. Müəyyən edilmiş qaydalara məsuliyyətlə yanaşılması təhsil müəssisələrində daha səliqəli, sağlam və məqsədyönlü mühitin formalaşmasına, eyni zamanda, gənc nəslin intizamlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə müsbət təsir göstərir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini