PDF Oxu

Siyasət

  • 516

İdeoloji təhlükəsizlik milli dövlətçiliyimizin və gələcəyimizin əsas təminatıdır - ŞƏRH

image

Müasir dövrdə milli dövlətçiliyin qorunması, cəmiyyətin ideoloji təhlükəsizliyinin təmin edilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət kəsb edir. Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının və süni intellektin həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir zamanda ideoloji təhlükəsizlik məsələsi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən, beynəlxalq nüfuzu getdikcə artan və milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Ölkəmizin əldə etdiyi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də regionda formalaşan yeni reallıqlar dövlətimizin strateji hədəflərinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsi bu mövzunun aktuallığını bir daha nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Çünki müasir dünyada təhlükələr yalnız dövlət sərhədləri ilə məhdudlaşmır. İnternet, sosial şəbəkələr, informasiya məkanında yayılan manipulyasiyalar və süni intellekt imkanlarından sui-istifadə cəhdləri cəmiyyətin düşüncəsinə, milli kimliyinə və mənəvi dəyərlərinə təsir göstərə bilər.
Belə bir şəraitdə hər bir vətəndaşın informasiya savadlılığının artırılması, həqiqətlə yalanın fərqləndirilməsi və milli maraqlara zidd olan ideoloji təsirlərə qarşı ayıq-sayıq olması mühüm vəzifədir. Xüsusilə gənclər arasında sağlam düşüncənin, vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi dövlətimizin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.
Mən hesab edirəm ki, ideoloji təhlükəsizliyin təmin olunmasında təhsil müəssisələrinin, ailənin və bütövlükdə cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür. Təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmamalı, eyni zamanda gənclərdə vətəndaşlıq mövqeyinin, müstəqil düşüncənin və milli kimliyə bağlılığın inkişafına xidmət etməlidir. Savadlı, məlumatlı və məsuliyyətli gənclik hər cür dezinformasiyaya və zərərli ideoloji təsirlərə qarşı cəmiyyətimizin ən güclü müdafiə vasitələrindən biridir
Azərbaycan Respublikası özünün milli dövlətçilik ənənələrinə, güclü liderlik institutuna və milli birliyinə söykənərək ideoloji təhlükəsizliyini etibarlı şəkildə təmin edir. Bu təməl müstəqilliyimizin əbədiliyi və gələcək zəfərlərimizin ən böyük zəmanətidir.
Bu gün Azərbaycan xalqını birləşdirən əsas amillərdən biri milli həmrəylik, dövlətə sədaqət və ortaq gələcəyə inamdır. Ölkəmizin müstəqilliyinin qorunması, əldə olunan tarixi nailiyyətlərin möhkəmləndirilməsi və gələcək inkişafın təmin edilməsi hər birimizin üzərinə məsuliyyət qoyur. Dövlətimizin maraqlarını qorumaq yalnız siyasi və hərbi sahələrin deyil, eyni zamanda hər bir vətəndaşın gündəlik fəaliyyətinin mühüm istiqaməti olmalıdır.
Hesab edirəm ki, gənclər ideoloji təhlükəsizliyin təmin olunmasında fəal mövqe nümayiş etdirməli, milli dəyərlərimizi qorumalı, ölkəmizin uğurlarının təbliğinə töhfə verməli və informasiya məkanında məsuliyyətli davranmalıdırlar. Bizim əsas məqsədimiz güclü dövlətin, sağlam cəmiyyətin və milli-mənəvi dəyərlərinə sadiq savadlı gəncliyin formalaşmasına töhfə verməkdir.
Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bundan sonra da öz müstəqilliyini, milli kimliyini və ideoloji təhlükəsizliyini qoruyaraq davamlı inkişaf yolunda inamla irəliləyəcəkdir.

Əfsanə Muradova
YAP Nərimanov Rayon Təşkilatının gənc fəalı

Digər xəbərlər