Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı verdiyi bəyanat iki ölkəni birləşdirən siyasi, humanitar və təhlükəsizlik amillərinə xüsusi diqqət yetirilməsi ilə seçilir. Bəyanatdan aydın görünür ki, Azərbaycan-Kamboca münasibətləri qarşılıqlı maraqlara əsaslanan ənənəvi diplomatik əlaqələr çərçivəsindən çıxaraq daha geniş əməkdaşlıq platformasına çevrilir.Azərbaycan və Kambocanı birləşdirən mühüm məqamlardan biri beynəlxalq hüquqa və çoxtərəfli əməkdaşlığa münasibətdir. Hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və AQEM kimi platformalarda bir-birinə dəstək nümayiş etdirir. Bu həmrəylik dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasının vacibliyinə dair ortaq mövqelərin mövcudluğunu göstərir.Prezident İlham Əliyevin sülh və təhlükəsizliklə bağlı fikirləri xüsusilə əhəmiyyətlidir. Dövlət başçısı vurğulayıb ki, sülh və təhlükəsizlik inkişafın əsas şərtidir və davamlı sülh beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın 30 illik işğaldan sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinin həyata keçirilməsi ölkəmizin keçdiyi tarixi yolun mühüm nəticəsidir.Bu kontekstdə Azərbaycan və Kambocanın ortaq problemlərindən biri olan mina təhlükəsi xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin minalardan əziyyət çəkməsi onların bu istiqamətdə təcrübə və bilik mübadiləsi aparmasını zəruri edir. Təlimlərin keçirilməsi, praktiki bacarıqların paylaşılması və mina təhlükəsinin aradan qaldırılması sahəsində əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, ümumilikdə humanitar təhlükəsizliyə mühüm töhfə verə bilər.Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də insan həyatı üçün ciddi risk yaratması problemin miqyasını göstərir. Ermənistan tərəfindən işğal dövründə basdırılmış minaların partlaması nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması bu məsələnin yalnız keçmişin deyil, bu günün də ağır humanitar problemi olduğunu nümayiş etdirir.Digər tərəfdən, Azərbaycan-Kamboca münasibətlərində humanitar əlaqələrin inkişafı xüsusi perspektivlər vəd edir. Azərbaycanda təhsil almış kambocalı tələbələrin olması tarixi əlaqələrin mühüm təməlidir. Qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi, turizm əlaqələrinin inkişafı və insanlar arasında təmasların artırılması münasibətləri daha da dayanıqlı edəcək.Bütün bunlarla yanaşı, parlamentlərarası əməkdaşlıq və Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusunun əldə edilməsinə verdiyi dəstək xüsusi qeyd olunmalıdır. Bu addım Azərbaycanın Asiya və xüsusilə Cənub-Şərqi Asiya istiqamətində xarici siyasətinin ardıcıl şəkildə genişləndiyini göstərir.Prezident İlham Əliyevin bəyanatından irəli gələn əsas nəticə ondan ibarətdir ki, Azərbaycan və Kamboca arasında münasibətlərin inkişafı üçün həm siyasi iradə, həm qarşılıqlı etimad, həm də real əməkdaşlıq imkanları mövcuddur. İndi əsas vəzifə bu potensialı konkret layihələrə, iqtisadi təşəbbüslərə, humanitar proqramlara və davamlı tərəfdaşlığa çevirməkdir. Bu baxımdan Baş nazir Hun Manetin səfəri Azərbaycan-Kamboca əlaqələrinin tarixində yeni və perspektivli səhifənin başlanğıcı kimi qiymətləndirilməlidir.
Deputat Jalə Əliyeva