PDF Oxu

Siyasət

  • 447

Asiya istiqamətində uğurlu diplomatik adım: Azərbaycan-Kamboca əlaqələrində innovativ tərəfdaşlıq

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir, eyni zamanda Azərbaycanın milli brendlərinin və innovativ idarəetmə modellərinin qlobal miqyasda ixracını təmin edir. Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişafı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) regionuna daxil olan dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi son illərdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında ikitərəfli tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir.
Liderlərin təkbətək və heyətlərin iştirakı ilə keçirilən geniş tərkibli görüşlərindən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev iki ölkə arasında siyasi dialoqun, iqtisadi-ticari əlaqələrin və təsisat dəyişikliyi sahəsində təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulamışdır. Səfər çərçivəsində diqqət çəkən və strateji əhəmiyyət kəsb edən əsas məqamlardan biri Azərbaycanın dövlət xidmətləri sahəsində inqilabi brendi olan "ASAN xidmət" modelinin Kamboca tərəfindən böyük maraqla qarşılanması və bu təcrübənin öyrənilməsi arzusudur.
Dövlət başçısının öz bəyanatında qeyd etdiyi kimi, Azərbaycan tərəfindən təsis edilən və dövlət idarəçiliyində şəffaflığı, operativliyi, vətəndaş məmnunluğunu təmin edən "ASAN xidmət" modeli bu gün dünyanın bir çox ölkələri üçün nümunəvi konsepsiya rolunu oynayır. BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülmüş bu model dövlət aparatı ilə vətəndaş arasındaki münasibətləri bürokratik engəllərdən azad edərək, şəffaf və rəqəmsal platformalar üzərində qurmağa imkan verir. Kambocanın Baş naziri Hun Manetin bu sistemə göstərdiyi xüsusi maraq Azərbaycanın təkcə enerji və logistika mərkəzi kimi deyil, eyni zamanda mütərəqqi intellektual brendlər və effektiv dövlət idarəçiliyi mexanizmləri ixrac edən aparıcı ölkə olduğunu sübut edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır ki, Azərbaycan öz qabaqcıl təcrübəsini dost və tərəfdaş ölkələrlə bölüşməyə hər zaman hazırdır. "ASAN" konsepsiyasının Kambocada tətbiqi və bu sahədə institusional əməkdaşlığın qurulması iki ölkə arasında gələcək tərəfdaşlığın möhkəm bünövrəsini təşkil edəcəkdir. Bu formatda təcrübə mübadiləsi Kambocada dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və sosial xidmətlərin əlçatanlığının artırılmasına mühüm töhfə vermək iqtidarındadır.
İkitərəfli münasibətlərin genişlənməsi fonunda yalnız dövlət xidmətləri sahəsi deyil, eyni zamanda investisiya imkanları, kənd təsərrüfatı, bərpa olunan enerjinin tətbiqi, təhsil və turizm sahələrində də böyük potensialın olduğu diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev Kambocanın Baş nazirinin bu səfərinin ticarət dövriyyəsinin artırılması və iş adamları arasında birbaşa kontaktların qurulması baxımından tarixi fürsət olduğunu bəyan etmişdir. İki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud olan qarşılıqlı dəstək və həmrəylik münasibətləri siyasi dialoqun dərinləşməsi üçün etibarlı zəmin yaradır.
Səfər zamanı əldə olunmuş razılaşmalar və Prezident İlham Əliyevin bəyanatında əksini tapan strateji mesajlar Azərbaycanın Asiya qitəsindəki diplomatik və iqtisadi coğrafiyasını daha da genişləndirdiyini nümayiş etdirir. Kamboca ilə başlanan bu yeni əməkdaşlıq səhifəsi "ASAN xidmət" kimi milli innovasiyalarımızın qlobal miqyasda tanıdılması və tətbiq edilməsi baxımından Azərbaycan dövlətçiliyinin uğurlu xarici siyasət triumfudur.
Nəticə etibarilə, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi tarixi bəyanat iki ölkə arasında diplomatik və iqtisadi münasibətlərin inkişafında köklü dönüş nöqtəsidir. Bu görüş sadəcə iki dövlət arasında protokolyar ünsiyyət çərçivəsindən kənara çıxaraq, Cənub-Şərqi Asiya regionu ilə Azərbaycan arasında institusional və strateji körpünün təməlini qoymuşdur. Azərbaycanın təklif etdiyi müasir idarəetmə modelləri, rəqəmsal dövlət xidməti konseptləri və bərabərhüquqlı tərəfdaşlıq prinsipləri Asiya qitəsinin dinamik inkişaf edən ölkələri üçün yüksək cazibə qüvvəsinə malikdir.
"ASAN xidmət" təcrübəsinin Kambocada tətbiqi istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə yalnız resurs zəngini olan bir dövlət kimi deyil, eyni zamanda qabaqcıl texnologiyalar, intellektual həllər və səmərəli dövlətçilik modelləri ixrac edən müasir güc mərkəzi olduğunu bir daha sübut edir. Bu proses ölkəmizin beynəlxalq nüfuzunu keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla bərabər, milli innovasiyalarımızın dünya miqyasında etibarlı brend kimi qəbul olunmasının növbəti parlaq təsdiqidir. İki ölkə arasında formalaşan bu çoxtərəfli əməkdaşlıq platforması gələcəkdə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı nəticələr verəcəkdir.

Seyidova Rəvanə
YAP Ordubad rayon təşkilatının fəalı

Digər xəbərlər