Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Dram Teatrı ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlanan tədbirdə görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşü Dram Teatrı ərazi partiya təşkilatının sədri Laləzər Hüseynova açıb. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirməklə, həm də orada səsləndirilən fikirlərin və ortaya qoyulan yeni hədəflərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, ideoloji işin gücləndirilməsində və partiya üzvlərinin məsuliyyətinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra söz çıxış üçün YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanova verilib. O, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas istiqamətlərinə toxunaraq deyib:- Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına və siyasi irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə uğurla fəaliyyət göstərir.
Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərlə dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, nəticədə ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmləndi. Məhz buna görə də, yeni dövrün tələbləri partiya təşkilatları qarşısında mühüm vəzifələr qoyur, bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvünün fəallığını, təşəbbüskarlığını və məsuliyyətli olmağını istəyir.
Natiq xüsusi olaraq onu da vurğulayıb ki, ərazi partiya təşkilatları dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi proseslərə cəlb olunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Hamı başa düşməlidir ki, partiyanın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi görülən işlərin səmərəliliyindən, xalqla sıx ünsiyyətdən və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə, layiqincə həyata keçirilməsindən asılıdır.
Partiya fəalları Aynur Əhmədova, Namiq Ağayev və Səyyad Əliyev isə çıxışlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən danışıblar, partiyanın ideoloji prinsiplərinin təbliğinin, dövlətçilik ənənələrinin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsini və ərazi partiya təşkilatlarının fəaliyyətini müasir tələblərə uyğun qurulmasının vacibliyindən söz açıblar.
Həmçinin çıxışlarda bildirilib ki, partiya üzvləri cəmiyyətin həyatında fəal iştirak etməli, dövlətin inkişaf strategiyasının mahiyyətini dərindən mənimsəməli və ictimai fəaliyyətləri ilə nümunə göstərməlidirlər. Eyni zamanda, vətəndaşların müraciət və təkliflərinə həssas yanaşılması, ictimai təşəbbüslərin dəstəklənməsi və partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mühüm vəzifələrdəndir.
Görüş çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin yerli səviyyədə icrası, partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi və ictimai-siyasi fəallığın artırılması məsələləri müzakirə olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü