PDF Oxu

Siyasət

  • 1 205

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr Dram Teatrı ərazi partiya təşkilatında müzakirə edilib

image

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə Dram Teatrı ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Dram Teatrı ərazi partiya təşkilatının sədri, Qurultay nümayəndəsi Laləzər Hüseynova YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. O, qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən yeni hədəflərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, ideoloji işin gücləndirilməsində və partiya üzvlərinin məsuliyyətinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas istiqamətləri barədə ətraflı danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına və siyasi irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə fəaliyyətini uğurla davam etdirir.
Əlövsət Qurbanov çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətinə, dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsinə toxunub. O, yeni dövrün tələblərinin partiya təşkilatları qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini bildirərək, bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvünün fəallığının, təşəbbüskarlığının və şəxsi məsuliyyətinin vacibliyini diqqətə çatdırıb.
Sədr müavini xüsusi vurğulayıb ki, ərazi partiya təşkilatları dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi proseslərə cəlb olunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. O qeyd edib ki, partiyanın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi görülən işlərin səmərəliliyindən, xalqla sıx ünsiyyətdən və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsindən asılıdır.
Tədbirdə çıxış edən partiya fəalları Aynur Əhmədova, Namiq Ağayev və Səyyad Əliyev də YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən bəhs ediblər. Çıxışçılar partiyanın ideoloji prinsiplərinin təbliğinin, dövlətçilik ənənələrinin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və ərazi partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıblar.
Bildirilib ki, partiya üzvləri cəmiyyətin həyatında fəal iştirak etməli, dövlətin inkişaf strategiyasının mahiyyətini dərindən mənimsəməli və ictimai fəaliyyətləri ilə nümunə göstərməlidirlər. Eyni zamanda, vətəndaşların müraciət və təkliflərinə həssas yanaşılması, ictimai təşəbbüslərin dəstəklənməsi və partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mühüm vəzifələrdəndir.
Görüş çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin yerli səviyyədə icrası, partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi və ictimai-siyasi fəallığın artırılması məsələləri müzakirə olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Digər xəbərlər