PDF Oxu

Siyasət

  • 585

İdeoloji təhlükəsizlik və təhsildə yeni yanaşma

image

Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının və süni intellektin cəmiyyətə təsirinin artdığı müasir dövrdə milli kimliyin, milli maraqların və dünyəvi dövlətçilik ənənələrinin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi strateji əhəmiyyət daşıyır. Dezinformasiyanın və kənar təsir cəhdlərinin artdığı şəraitdə cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması mühüm vəzifələrdəndir. Azərbaycanın milli ideologiyasının əsasını azərbaycançılıq məfkurəsi təşkil edir. Bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, dünyəvilik dinə qarşı olmaq demək deyil. Əksinə, dünyəvilik dinin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qarşısını almaq və cəmiyyətin hər hansı dini ideologiyanın təsiri altına düşmədən inkişafını təmin etmək prinsipidir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasında azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi xüsusi yer tutub. Cənab Prezident İlham Əliyevin çıxışlarında da milli dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və ideoloji təhlükəsizliyin gücləndirilməsi məsələləri mühüm yer tutur.

Vətən müharibəsində qazanılmış Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra milli dövlətçilik şüurunun möhkəmləndirilməsi və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması daha da aktuallaşıb. Bu prosesdə təhsil yalnız bilik və bacarıqların aşılandığı sistem deyil, həm də milli kimliyin, vətəndaş məsuliyyətinin və müstəqil düşüncənin formalaşdığı əsas ictimai institutlardan biridir. Buna görə də məktəblərdə və ali təhsil müəssisələrində Azərbaycan tarixinə, dövlət dilinə, mədəni irsə və dövlətçilik ənənələrinə dair biliklərin artırılması xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri və dini amildən ideoloji təsir vasitəsi kimi istifadə olunması ilə bağlı narahatlıqlar bu məsələnin aktuallığını daha da artırır. Belə bir şəraitdə milli maraqların qorunması, cəmiyyətin xarici informasiya manipulyasiyalarına qarşı dayanıqlığının gücləndirilməsi və dünyəvi dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də təhsilin və vətənpərvərliyin ideoloji risklərə qarşı dayanıqlılığın formalaşdırılmasında rolunu ön plana çıxarır. Savadlı, məlumatı təhlil etməyi və dezinformasiyanı müəyyənləşdirməyi bacaran cəmiyyət informasiya manipulyasiyalarına qarşı daha davamlı olur. Bu baxımdan milli-mənəvi dəyərlərin tədrisi müasir biliklər, media savadlılığı ilə tamamlanmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi - “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil”. Dövlət başçısının bu fikirləri təhsilin yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmadığını, eyni zamanda informasiya təhlükəsizliyinin, müstəqil düşüncənin və vətəndaş məsuliyyətinin formalaşdırılmasında mühüm rol oynadığını göstərir. Bu kontekstdə dövlət ümumi təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi və müəllimlər üçün peşəkar görünüş standartlarının müəyyənləşdirilməsi məktəb mədəniyyətinin formalaşdırılmasının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. 2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblərin hüquqi çərçivəsi genişləndirilib. Dəyişikliklərə əsasən, təhsilverənlər üçün geyim tələblərinin müəyyən edilməsi və həm təhsilalanların, həm də təhsilverənlərin müvafiq tələblərə riayət etməsi nəzərdə tutulub. Vahid məktəb forması şagirdlərdə kollektivə mənsubiyyət hissini gücləndirə, geyimlə bağlı sosial fərqlərin görünürlüğünü azalda və məktəbdə ümumi nizam-intizamın qorunmasına kömək edə bilər. Müəllimlərin peşəkar görünüşünə dair tələblər isə pedaqoji etikanın, işgüzar münasibətlərin və məktəb mədəniyyətinin möhkəmləndirilməsinə xidmət edir. Həm təhsilalanlar, həm də təhsilverənlər üçün vahid görünüş standartlarının tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətini dayanıqlı edir. Bu yanaşma geyimə, dəbə və xarici görünüşə olan izafi diqqəti azaldaraq, bütün tərəflərin diqqətini tədrisin keyfiyyətinə və tərbiyə prosesinə yönəldir. Dövlətin yaratdığı bu yeni təhsil reallığı məktəblərdə daxili qaydaları və işgüzar mühiti möhkəmləndirməklə, ölkəmizin ideoloji təhlükəsizliyinə və gələcəyin sağlam cəmiyyətinin yetişməsinə fundamental töhfə verir. Milli-mənəvi dəyərləri müasir bilik və bacarıqlarla uzlaşdıran təhsil sistemi Azərbaycanın ideoloji təhlükəsizliyinin və davamlı inkişafının möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.

Jalə Hacıyeva

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,

Naxçıvan şəhər 3 saylı tam orta məktəbin direktoru

Digər xəbərlər