Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanı üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə və qarşıya qoyulan strateji hədəflərə həsr olunmuş tədbir keçirilib.
İlk öncə Ümumilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, “Olimpiya küçəsi 4” ünvanı üzrə ƏPT sədri Əli Məmmədov, təşkilatın əməkdaşları və partiya üzvlərinin iştirak ediblər.
Giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanı üzrə ƏPT sədri Əli Məmmədov Prezident İlham Əliyevin qurultaydakı çıxışının ölkəmizin siyasi, iqtisadi və ictimai həyatının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Cənab Prezidentin çıxışında Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərlə yanaşı, dövlətimizin qarşısında duran yeni çağırışlar və onların həlli istiqamətində əsas fəaliyyət prioritetləri də müəyyən edilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq mövqelərinin möhkəmlənməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi və hərbi qüdrətinin artırılması həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələridir.
Tədbirdə Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev çıxış edərək qeyd edib ki, Prezidentin çıxışında xüsusi yer tutan ideoloji təhlükəsizlik məsələsi müzakirələrin əsas istiqamətlərindən biri olub. Bildirilib ki, informasiya müharibələrinin genişləndiyi müasir dövrdə milli maraqların qorunması, cəmiyyətin yad ideoloji təsirlərdən müdafiəsi, gənclərin düzgün istiqamətləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, partiya fəallarının üzərinə düşən vəzifə yalnız ölkədə həyata keçirilən siyasəti təbliğ etmək deyil, həm də cəmiyyətlə səmərəli ünsiyyət qurmaq, insanları düşündürən məsələlərə həssas yanaşmaq və ölkəmizin reallıqlarını əsaslı şəkildə ictimaiyyətə çatdırmaqdır.
YAP Gənclər Birliyinin üzvü, VIII Qurultayın nümayəndəsi Coşğun Hidayətov çıxışında qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında məsuliyyətini dərk etməli, fəaliyyətini dövrün tələblərinə uyğun qurmalı və dövlətimizin inkişafına öz töhfəsini verməlidir.
Sonda bildirilib ki, milli birlik, dövlətə sədaqət və ümumi məqsədlər naminə birgə fəaliyyət Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır. YAP Nərimanov rayon təşkilatının üzvləri də bu prinsiplərə əsaslanaraq qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəal iştiraklarını davam etdirəcəklərini ifadə ediblər.