PDF Oxu

Siyasət

  • 484

Təhsil müəssisələrində geyim standartları dövlətin ideoloji təhlükəsizlik konseptinin tərkib hissəsi kimi

image

Azərbaycan Respublikasında təhsil sistemi təkcə elmi biliklərin və təlim-tərbiyənin ötürülməsi mexanizmi deyil, eyni zamanda milli-mənəvi dəyərlərə söykənən, dövlətçilik ənənələrini yaşadan və modern cəmiyyətin təməlini təşkil edən müqəddəs bir sosial institutdur. Müasir dövrdə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların (şagirdlərin) və təhsilverənlərin (müəllimlərin) geyim qaydalarının vahid standartlar əsasında tənzimlənməsi məsələsi sadəcə məktəbdaxili intizam və ya estetik görünüş məsələsi olmaqdan çıxmış, birbaşa dövlətin milli, mənəvi və ideoloji təhlükəsizlik strategiyasının tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayında, eləcə də digər dövlət miqyaslı tədbirlərdə etdiyi proqram xarakterli çıxışlarında xüsusi olaraq qeyd edilən ideoloji təhlükəsizlik xətti ölkəmizin gələcək inkişaf modelini müəyyən edir. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, qloballaşan dünyada müxtəlif xarici təsirlərin, yad ideologiyaların, informasiya hücumlarının və mənəvi deqradasiya meyllərinin artdığı bir şəraitdə milli identikliyin, dövlətçilik şüurunun və milli-mənəvi dəyərlərin qorunması həyati əhəmiyyət kəsb edir.
Məktəb cəmiyyətin ilkin formalaşma mərhələsi olduğu üçün ideoloji təhlükəsizliyin təmin edilməsində ön cəbhə rolunu oynayır. Ümumi təhsil müəssisələrində vahid geyim formasının və pedaqoji geyim etikasının tətbiqi məhz bu ideoloji təhlükəsizlik xəttinə xidmət edən mühüm mexanizmdir. Birincisi, bu tənzimləmə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsilin dünyəviliyi prinsipini qoruyur. Təhsil ocaqlarına müxtəlif dini, siyasi, ideoloji və ya kənar subkulturaların simvollarının gətirilməməsi cəmiyyətin radikallaşmasının və yad təsirlər altına düşməsinin qarşısını alan ideoloji sipərdir.
İkincisi, təhsilalanlar üçün uniforma standartlarının tətbiq olunması sosial bərabərlik və psixoloji sağlamlıq mühitinin yaradılmasına birbaşa təkan verir. Müxtəlif sosial-iqtisadi təbəqələrdən gələn şagirdlərin eyni görünüşdə olması məktəblilər arasındamaddi imkanlara görə ayrımçılığın, natamamlıq kompleksinin və ya süni üstünlük iddialarının kökünü kəsir. Bu yanaşma gənclər arasında qardaşlıq, həmrəylik, qarşılıqlı hörmət və sosial ədalət hissini gücləndirir. Şagird diqqətini xarici görünüş, brend yarışları və ya vizual nümayişkarlıq kimi ikinci dərəcəli məsələlərə deyil, bilik və bacarıqların mənimsənilməsinə, özünü elmi və mənəvi baxımdan inkişaf etdirməyə yönəldir.
Üçüncüsü, dövlət təhsil müəssisələrində təhsilverənlərin – müəllimlərin geyim davranışı və etikası da bu ideoloji zəncirin həlledici həlqəsidir. Müəllim şagird üçün təkcə fənn tədris edən mütəxəssis deyil, həm də dövlətçilik ideologiyasını, intizamı və etik dəyərləri canlı şəkildə təcəssüm etdirən rol modelidir. Müəllimin işgüzar, ciddi, təmkinli və pedaqoji prinsiplərə uyğun geyimi şagirdlərin şüuraltında dövlət məmuruna, məktəb institutuna və elmə olan hörmət hissini formalaşdırır. Müəllim öz duruşu və görünüşü ilə heç bir siyasi, dini və ya fərdi ideoloji cərəyanın təbliğatçısı ola bilməz, o, yalnız və yalnız dövlətin dünyəvi təhsil siyasi xəttini nümayiş etdirməlidir.
Cənab Prezident İlham Əliyevin ideoloji təhlükəsizlik barədə irəli sürdüyü konseptual baxışların mahiyyəti ondan ibarətdir ki, milli dövlətimizin müstəqilliyi və bütövlüyü yalnız hərbi və ya iqtisadi güclə deyil, ilk növbədə mənəvi-ideoloji bütövlüklə qorunub saxlanıla bilər. Gənc nəslin vətənpərvərlik ruhunda, dövlət bayrağına, gerbinə və dövlət atributlarına ehtiramla tərbiyə olunması məhz məktəb divarları arasında başlayır. Vahid məktəbli forması şagirdə gənc yaşlarından eyni dövlətin, eyni bayrağın və eyni gələcəyin hissəsi olduğunu xatırladır, onda vətəndaşlıq məsuliyyətini və nizam-intizam vərdişlərini peşəkar şəkildə formalaşdırır.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyim tələblərinin standartlaşdırılması Azərbaycan dövlətinin strateji gələcəyinə, milli təhlükəsizliyinə və gənclərin sağlam ideoloji mühitdə böyüməsinə yönəlmiş düşünülmüş dövlət siyasətidir. Bu tələblərin dürüst və fasiləsiz tətbiqi xarici manipulyasiyalara qapalı, milli-mənəvi köklərinə bağlı, dünyəvi, intizamlı, müasir və güclü Azərbaycan vətəndaşının yetişdirilməsində müstəsna zəmin təşkil edir.

Seyidova Rəvanə

YAP Ordubad rayon təşkilatı fəalı

Digər xəbərlər