Azərbaycan Respublikasında təhsil sisteminin müasirləşdirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi və ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Məktəb – yalnız nəzəri biliyin ötürüldüyü mekan deyil, eyni zamanda gənc nəslin mənəvi-əxlaqi keyfiyyətlərinin, sosial məsuliyyətinin və nizam-intizam vərdişlərinin formalaşdığı ilkin sosial mühitdir. Bu baxımdan, təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsi və iş mühitinin peşəkar standartlara uyğunlaşdırılması təkcə akademik göstəricilərlə deyil, daxili korporativ etikadan tutmuş geyim mədəniyyətinə qədər geniş bir spektrı əhatə edir.
Təhsilalanlar üçün vahid məktəbli formasının və təhsilverənlər üçün rəsmi-işgüzar geyim üslubunun tətbiqi məktəbdə sağlam və işgüzar mühitin formalaşmasında müstəsna rol oynayır. Vahid forma və işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi, məsuliyyətli və peşəkar yanaşmasını təşviq edir. Məktəb divarları arasında vizual intizamın təmin olunması şagirdlərin psixologiyasına birbaşa müsbət təsir göstərir. Şagird məktəbə qədəm qoyduğu andan etibarən fərqli bir mühitdə olduğunu, bu mühitin özünəməxsus qayda-qanunları və məsuliyyət dərəcəsi olduğunu xarici görünüşü ilə də hiss edir.
Geyim standartlarının mövcudluğu təhsilalanların diqqətini yayındıran izafi amilləri neqativ təsir etməyə qoymur. Şagirdlər eyni standartlara cavab verən geyimdə olduqda, diqqətlərini xarici görünüş yarışına, geyimlərin maddi dəyərinə, dəbə uyğunluğuna və ya dəyişmə tezliyinə deyil, birbaşa təlim prosesinə və biliklərin mənimsənilməsinə yönəldirlər. Maddi imkanların və vizual fərqliliklərin ön plana çıxmaması məktəblilər arasında psixoloji gərginliyi, sosial təbəqələşmə hissini və ya natamamlıq kompleksini aradan qaldırır. Bu zəmində formalaşan bərabərlik mühiti şagirdlər arasında sağlam dostluq, qarşılıqlı hörmət və kollektivizm ruhunu möhkəmləndirir.
Məktəbdaxili münasibətlərin sağlam zəmində qurulması və müəllimlərin valideynlər eləcə də şagirdlər tərəfindən düzgün qəbul edilməsi pedaqoji prosesin səmərəliliyini şərtləndirən əsas amillərdəndir. Tələblərə uyğun geyim təhsil prosesinə məsuliyyətli yanaşmanı təşviq edən mühüm amillərdən biridir. Müəllimlərin işgüzar üslubda olması məktəbdaxili münasibətlərdə peşəkarlıq və qarşılıqlı hörmət mühitini gücləndirir. Müəllim öz təmkinli, səliqəli və rəsmi-işgüzar görünüşü ilə pedaqoji etikanın və akademik ciddiyyətin canlı daşıyıcısına çevrilir. Bu cür nümunəvi duruş valideynlərin müəllimə və məktəb rəhbərliyinə olan etibarını artırır, şagirdlərin gözündə müəllim obrazının nüfuzunu, ciddiliyini və aliliyini möhkəmləndirir.
Müəllimlərin işgüzar görünüşü məktəbdə peşəkar iş mühitinin davamlılığını dəstəkləyir. Pedaqoji kollektivdə nizam-intizam və eyni standartlara riayət olunması ümumi korporativ mədəniyyəti yüksəldir, pedaqoji heyətin öz işinə daha yüksək məsuliyyətlə yanaşmasını təmin edir. İşgüzar geyim üslubu müəllimin yalnız xarici görünüşünü tənzimləmir, eyni zamanda onun daxili intizamını, psixoloji hazırlaşmasını və pedaqoji fəaliyyətə fokuslanmasını asanlaşdırır. Müəllim öz davranışı, etikası və xarici görünüşü ilə şagird üçün gələcək həyatında nümunə götürəcəyi bir rol modelinə çevrilir.
Bundan əlavə, təhsil müəssisələrində iş mühitinin və intizamın yüksək səviyyədə qorunması məktəbin ümumi imicinə və cəmiyyətdəki nüfuzuna birbaşa müsbət töhfə verir. Nizam-intizamın, qarşılıqlı hörmətin və peşəkarlığın hakim olduğu təhsil ocaqlarında tədrisin keyfiyyəti də yüksək olur. Şagirdlər məsuliyyətli və nizamlı mühitdə böyüdükdə, gələcəkdə əmək fəaliyyətinə və cəmiyyət həyatına daha asan inteqrasiya olunur, korporativ etika və iş intizamı vərdişlərinə erkən yaşlardan yiyələnirlər.
Yekun olaraq qeyd etmək olar ki, dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinin tətbiqi və iş mühiti xətti üzrə standartların gözlənilməsi sadəcə formal bir inzibati tələb deyildir. Bu, təhsil mühitində intizamın, peşəkarlığın, sosial ədalətin və qarşılıqlı hörmətin davamlılığını təmin edən strateji yanaşmadır. Təhsilalanların məsuliyyətli şagird, təhsilverənlərin isə nümunəvi peşəkar kimi çıxış etdiyi bu sağlam iş mühiti Azərbaycan təhsilinin gələcək uğurlarının, yüksək mənəviyyatlı və intizamlı gənc nəslin yetişdirilməsinin etibarlı zəminidir.
Jalə Fərəcli
YAP Ordubad rayon təşkilatının fəalı