PDF Oxu

Siyasət

  • 794

Azərbaycan sabitlik, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir - ŞƏRH

image

Müasir dünyada ideoloji təhlükəsizliyin təmin edilməsi dövlətlərin milli təhlükəsizlik siyasətinin ən strateji və aktual istiqamətlərindən biridir. Qloballaşma, rəqəmsallaşma və informasiya müharibələrinin aktivləşdiyi bir dövrdə bu məsələ daha da kritik xarakter alır. İdeoloji təhlükəsizlik hər bir ölkənin daxili sabitliyini, milli-mənəvi dəyərlərini və suverenliyini qorumaq üçün zəruridir. Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik siyasi kursun sayəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də qarşıdan gələn uzun dövr üçün dayanıqlı inkişafın ardıcıllığına etibarlı zəmin yaratdı. Bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Onlar hələ ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz, maarifçilərimiz tərəfindən ifşa olunan, cəmiyyətimizin inkişafı yolunda ciddi maneə kimi qiymətləndirilən dini-ideoloji təbliğat vasitəsilə xurafatı, mövhumatı azərbaycanlıların həyat tərzinə çevirməyə çalışırlar.

Məlum olduğu kimi, dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Məktəb müəllimlərinin işgüzar tələblərə uyğun, dress-kod nəzərə alınmaqla geyinməsinin həm təşkilati, həm pedaqoji, həm də idarəetmə müstəvisindən müsbət təsiri vardır. İşgüzar üslub müəllimin təhsil müəssisəsinin nümayəndəsi və müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulayır. Bu, tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir. Şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi, aidiyyət və daxili qaydalara hörmət simvolu kimi qəbul edilir. Vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir. Vahid yanaşmaya uyğun geyim məktəbin ümumi idarəçilik fəlsəfəsinin və təşkilati dəyərlərinin vizual ifadəsinə çevrilir. Bu, müəllim kollektivində komanda ruhunun və korporativ həmrəyliyin güclənməsinə xidmət edir.

Dəyişikliklər dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsinə yönəlib. Məktəblərdə geyim tələbləri ilə bağlı vahid yanaşmanın tətbiqi beynəlxalq təcrübədə geniş istifadə olunur.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-1-ci maddəsinə əsasən ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir (yəni, milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi). Azərbaycan modelində milli-mənəvi irsin qorunması dünyəvi dövlətçilik və qanunun aliliyi prinsipləri ilə uzlaşdırılır. Dünyəvi dövlət prinsipi milli-mənəvi dəyərlərin qorunması anlayışı ilə bir-birinə zidd deyil. Əksinə, tarixi təcrübə göstərir ki, dini etiqad azadlığının ən yaxşı qorunduğu cəmiyyətlər məhz dünyəvi dövlətlərdədir. Azərbaycan modeli dini etiqad azadlığının təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin əsas dəyərlərinin qorunması arasında hüquqi tarazlığa əsaslanır.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər