Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində ideoloji təhlükəsizliyin təmin edilməsi, milli birliyin möhkəmləndirilməsi, vətənpərvərliyin və milli-mənəvi dəyərlərin qorunması mühüm yer tutur. Təhsil ideoloji təxribatlara qarşı dayanıqlı, savadlı, müstəqil düşüncəyə malik vətəndaşların formalaşdırılmasının əsas vasitələrindəndir. Ümumi təhsil müəssisələrində vahid geyim tələbləri məktəbdaxili nizam-intizamın, təşkilati mədəniyyətin və kollektivə aidlik hissinin gücləndirilməsinə xidmət edir.
Vahid məktəbli forması məktəbdə ümumi yanaşmanın formalaşmasına, şagirdlər arasında sosial fərqlərin görünən təsirlərinin azaldılmasına və məktəb kimliyinin möhkəmləndirilməsinə kömək edir. Geyim qaydalarına riayət şagirdlərdə məsuliyyət, səliqə, şəxsi gigiyena və daxili intizam vərdişlərinin inkişafını dəstəkləyir. Valideynlər uşaqlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməli, məktəb rəhbərliyi isə qaydaların düzgün və ədalətli tətbiqinə nəzarət etməlidir.
Təhsilverənlər üçün geyim tələblərinin məqsədi məktəbdə vahid işgüzar geyim mədəniyyətinin formalaşdırılması və peşəkar təhsil mühitinin gücləndirilməsidir. Müəllimlərin geyimi təmiz, səliqəli, mövsümə uyğun, sadə və işgüzar üslubda olmalı, əmək funksiyalarının icrasına maneə yaratmamalıdır. Geyim seçimi tədris fəaliyyətinin xüsusiyyətləri, təhlükəsizlik və rahatlıq tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. İşgüzar geyim mədəniyyəti müəllimin peşəkar nüfuzunun və məktəbin təşkilati mədəniyyətinin qorunmasına xidmət edir.
Geyim tələbləri “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin müvafiq qərarları və məktəbdaxili intizam qaydaları çərçivəsində tətbiq edilir. Ümumi təhsilin millilik və dünyəvilik prinsipləri milli və ümumbəşəri dəyərlərin qorunmasını, elmi dünyagörüşünün inkişafını və qanunvericiliyə uyğun təhsil mühitinin yaradılmasını nəzərdə tutur. Məktəb rəhbərliyi geyim qaydalarının tətbiqində vahid yanaşmanı təmin etməli, təhsilalanların hüquqlarını qorumalı və valideynlərlə əməkdaşlıq aparmalıdır. Geyim tələbləri uşaqların ləyaqətinə, hüquqlarına və sağlamlığına hörmət əsasında həyata keçirilməlidir.
Azərbaycanda dünyəvi təhsil prinsipi dini etiqad azadlığının və milli-mənəvi dəyərlərin qorunması ilə hüquqi çərçivədə uzlaşdırılır. Məktəblərdə geyim qaydalarının tətbiqi təhsilin dünyəvi xarakterinin və ümumi təşkilati standartların qorunmasına yönəlməlidir. Dini məsələlərlə bağlı qərarlar qüvvədə olan qanunvericilik, uşaqların hüquqları və valideynlərin qanuni səlahiyyətləri nəzərə alınmaqla verilməlidir. Dini mənsubiyyətə görə ayrı-seçkiliyə, təzyiqə və alçaldıcı münasibətə yol verilməməli, maarifləndirmə və qarşılıqlı hörmət əsas götürülməlidir.
Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi ölkələrdə məktəbli geyimi və təhsil müəssisələrinin fəaliyyətinə dair müvafiq tələblər tətbiq olunur. Beynəlxalq təcrübənin öyrənilməsi vahid geyim standartlarının təkmilləşdirilməsi, məktəb kimliyinin gücləndirilməsi və təşkilati intizamın təmin edilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanda məscidlərin və ziyarətgahların bərpası, dini icmalara maliyyə dəstəyinin göstərilməsi, dini təhsilin inkişafı və dinlərarası dialoqun təşviqi dövlətin dini-mədəni irsin qorunması siyasətinin mühüm istiqamətləridir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin fəaliyyəti dini sahədə peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir. “Hər məsciddə kitabxana” layihəsi dini maarifləndirmənin və mütaliə mədəniyyətinin inkişafına töhfə verir. Beynəlxalq sammitlər, konfranslar və əməkdaşlıq platformaları Azərbaycanın İslam həmrəyliyinin, multikulturalizmin və dinlərarası anlaşmanın təşviqində iştirakını gücləndirir.
Geyim tələblərinin hüquqi əsaslarının təhsil iştirakçılarına izah edilməsi, məktəblərdə vahid və ədalətli tətbiq mexanizminin təmin olunması, şagirdlərdə məsuliyyət, nizam-intizam və kollektivə aidlik hissinin inkişaf etdirilməsi, müəllimlər arasında peşəkar geyim və davranış mədəniyyətinin gücləndirilməsi, valideyn-məktəb əməkdaşlığının genişləndirilməsi, təhsilalanların hüquqlarının, ləyaqətinin və sosial bərabərliyinin qorunması, həmçinin dünyəvi təhsil prinsipi ilə dini etiqad azadlığı arasında hüquqi tarazlığın təmin edilməsi əsas prioritetlərdir.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid məktəbli geyim forması və təhsilverənlər üçün işgüzar geyim tələbləri məktəbdaxili nizam-intizamın, peşəkar təhsil mühitinin və vahid təşkilati mədəniyyətin formalaşdırılmasının mühüm vasitələrindəndir. Bu tələblərin tətbiqi milli-mənəvi dəyərlərin qorunması, təhsilin dünyəvi xarakterinin təmin edilməsi, sosial bərabərliyin dəstəklənməsi və uşaqların hüquqlarının müdafiəsi prinsipləri əsasında həyata keçirilməlidir. Əsas məqsəd sağlam, təhlükəsiz, nizam-intizamlı və qarşılıqlı hörmətə əsaslanan təhsil mühitinin yaradılmasıdır.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi