Azərbaycan Respublikasının xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurası (AQEM) çərçivəsində əməkdaşlıq dinamik şəkildə genişlənməkdədir. Bu çərçivədə Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında 30 ildən artıq dövrü əhatə edən diplomatik münasibətlərdə mühüm dönüş nöqtəsi olmuşdur. Səfər çərçivəsində keçirilən rəsmi qarşılanma mərasimi, təkbətək və geniş tərkibli görüşlərdən sonra dövlət və hökumət başçıları mətbuata bəyanatlarla çıxış edərək ikitərəfli və çoxtərəfli əməkdaşlığın prioritet istiqamətlərini bəyan etmişlər.
Prezident İlham Əliyev bəyanatında Kamboca Baş nazirinin səfərinin və AQEM Sammitində iştirakının ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini vurğulamışdır. İki ölkə arasında diplomatik əlaqələrin 30 ildən çox tarixi olduğunu qeyd edən tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin vacibliyini diqqətə çatdırmışlar.
Hər iki ölkə beynəlxalq hüququn aliliyinə, suverenliyə və ərazi bütövlüyünə sadiqlik nümayiş etdirir. Parlamentlərarası əlaqələrin inkişafı və dostluq qruplarının fəaliyyəti də bu həmrəyliyin əsas sütunlarından biri kimi dəyərləndirilmişdir. Səfər zamanı aparılan müzakirələrin mərkəzində iqtisadi-ticarət əlaqələrinin və investisiya imkanlarının genişləndirilməsi dayanmışdır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında Prezident İlham Əliyevin Azərbaycanın brendi olan "ASAN xidmət" təcrübəsini Kamboca ilə bölüşməyə hazır olduğunu bildirməsi Azərbaycanın Kamboca ilə təcrübə mübadiləsində maraqlı olduğunu göstərir. Bu modelin tətbiqi idarəetmədə şəffaflığın artırılması və dövlət xidmətlərinin modernləşdirilməsi üçün olduqca mühüm platformadır.
Xüsusilə vurğulamaq lazımdır ki, hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və biznes forumlarının təşkili barədə razılığa gəlinməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasından xəbər verir. Bu baxımdan Kamboca Baş naziri Hun Manetin Bakı AQEM Sammitində iştirakı Azərbaycanın Asiya regionu ölkələri ilə çoxtərəfli diplomatiyasının uğurlu göstəricisidir.
Hər iki ölkənin keçmişdə üzləşdiyi oxşar tarixi çağırışlar olmuşdur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidenqurma işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması barədə məlumat vermişdir. Bu xüsusda, minalardan təmizlənmə kimi humanitar məsələlərdə təcrübə mübadiləsinin vacibliyi qeyd olunmuşdur.
Baş nazir Hun Manet isə öz növbəsində bu səfərin iki ölkə arasında yeni strateji imkanlar açacağını vurğulamışdır. Azərbaycan-Kamboca münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, həm də Cənub-Şərqi Asiya və Mərkəzi Asiya regionları arasında körpü rolu oynayan çoxtərəfli formatda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri