Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf istiqamətləri, milli təhlükəsizliyi və ideoloji dayanıqlılığı baxımından da əhəmiyyətli mesajlarla yadda qaldı. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğuladığı məqamlar bir daha göstərdi ki, dövlətimizin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də milli birliyimiz, cəmiyyətimizin ideoloji hazırlığı və dövlətçilik prinsiplərinə sadiqliyimizlə ölçülür. Bu gün Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Partiyamızın üç onillikdən artıq müddətdə keçdiyi yol, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr və ölkəmizin qazandığı uğurlarda fəallarının iştirakı bu siyasi təşkilatın cəmiyyət həyatındakı mövqeyini müəyyənləşdirir. Cənab Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər isə bir daha təsdiqlədi ki, Azərbaycanın qarşısında duran vəzifələr sırasında dövlət təhlükəsizliyinin qorunması ilə yanaşı, milli-mənəvi dəyərlərin və ideoloji sabitliyin möhkəmləndirilməsi də xüsusi yer tutur. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız dövlət sərhədlərinin qorunması və fiziki təhdidlərin qarşısının alınması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişləndiyi bir şəraitdə ideoloji təhlükəsizlik də milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təhsil və vətənpərvərlik cəmiyyətin ideoloji təxribatlardan qorunmasında mühüm rol oynayır. Çünki bilikli, savadlı, milli dəyərlərinə bağlı vətəndaş yalan məlumatları, süni narazılıq yaratmaq cəhdlərini və cəmiyyətin həssas mövzularından sui-istifadə hallarını daha düzgün qiymətləndirə bilir. Məhz bu baxımdan son günlər vahid məktəbli forması ilə bağlı aparılan müzakirələrə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün olmazdı. Burada söhbət eyni zamanda ümumi qaydalara münasibətdən, təhsil mühitində bərabərliyin qorunmasından, valideynlərin məsuliyyətindən və uşaqlara qanunlara hörmət mədəniyyətinin aşılanmasından gedir. Əvvəla, aydın şəkildə qeyd edilməlidir ki, vahid məktəbli forması tələbi dini dəyərlərə qarşı münasibət kimi təqdim olunmamalıdır. Məsələ dini mənsubiyyətin məhdudlaşdırılmasında deyil, ümumi təhsil müəssisələrində bütün şagirdlərə bərabər tətbiq edilən geyim qaydalarına əməl olunmasındadır. Demokratik cəmiyyətdə fərqli fikirlərin səsləndirilməsi təbii haldır. Lakin hər hansı qərarla bağlı müzakirələrin aparılması ilə qüvvədə olan qaydalara əməl edilməməsinin təşviq olunması arasında ciddi fərq var. Fikir müxtəlifliyi ümumi qaydaların seçmə qaydada tətbiq edilməsi üçün əsas yaratmamalıdır.
Azərbaycan dini dəyərlərə, İslam irsinə və vicdan azadlığına hörmət edən ölkədir. Ölkəmizdə məscidlərin, dini abidələrin, ziyarətgahların, eləcə də müxtəlif dini konfessiyalara məxsus ibadət yerlərinin mövcudluğu dini və mənəvi irsimizə göstərilən diqqətin mühüm göstəricilərindəndir. Bununla belə, dini dəyərlərə hörmətlə ümumi qanun və qaydalara riayət etmək bir-birinə zidd anlayışlar deyil. Dini azadlıq hər kəsin hüququdur, lakin bu hüquq ümumi qaydalardan kənarda qalmaq üçün imtiyaz kimi başa düşülməməlidir. Məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil. O, həm də şəxsiyyətin formalaşdığı, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq mövqeyinin aşılandığı mühüm ictimai mühitdir. Vahid məktəbli forması da bu mühitdə sosial fərqlərin qabardılmasının qarşısını almaq, şagirdlər arasında bərabərlik və kollektiv mənsubiyyət hissini gücləndirmək baxımından əhəmiyyət daşıyır. Məktəbli geyimi ailələrin maddi imkanları arasındakı fərqlərin uşaqların münasibətlərinə təsirini azaltmağa, diqqətin zahiri görünüşdən təhsilə və şəxsi inkişafa yönəlməsinə kömək edir. Bu qaydaların səmərəli tətbiqi isə yalnız nəzarət tədbirləri ilə məhdudlaşmamalıdır. Məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında davamlı əməkdaşlıq qurulmalı, şagirdlərə geyim qaydalarının məqsədi izah edilməli, məktəb etikası və məsuliyyət mövzusunda maarifləndirmə işləri aparılmalıdır. Geyim tələblərinə əməl etməkdə sosial və ya digər əsaslı çətinliklərlə üzləşən şagirdlərə münasibətdə də həssas və fərdi yanaşma nümayiş etdirilməlidir. Məqsəd uşaqları cəzalandırmaq deyil, onlarda qaydalara şüurlu münasibət formalaşdırmaq olmalıdır. Burada əsas prinsip ümumi tələblərin hamıya bərabər tətbiqidir. Qaydaların bir qrup üçün məcburi, digər qrup üçün isə mübahisə predmetinə çevrilməsi təhsil mühitində vahid yanaşmaya və hüquq mədəniyyətinə xələl gətirə bilər. Uşaqlara qanunlara hörmət etməyi öyrətmək istəyiriksə, böyüklər də bu məsələdə məsuliyyətli mövqe nümayiş etdirməlidirlər. Vahid məktəbli forması ətrafında aparılan müzakirələr cəmiyyət olaraq hansı dəyərlərə üstünlük verdiyimizi də göstərir. Biz təhsildə bərabərliyi, intizamı, qarşılıqlı hörməti və qanunlara məsuliyyətli münasibəti təşviq etməliyik. Eyni zamanda, dini və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmalı, bu həssas məsələlərin cəmiyyətdə süni qarşıdurma yaratmaq məqsədilə istifadəsinə imkan verməməliyik.
Cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında vurğuladığı ideoloji təhlükəsizlik, təhsil və vətənpərvərlik məsələləri bu baxımdan xüsusi aktuallıq daşıyır. Güclü dövlət yalnız sərhədlərini qoruyan deyil, həm də düşünən, təhsilli, milli kimliyinə bağlı vətəndaşlar yetişdirən dövlətdir. Vahid məktəbli forması ətrafında müzakirələrə də məhz bu yanaşma ilə baxılmalı, məsələ qarşıdurma vasitəsinə deyil, təhsil mühitində bərabərliyin və məsuliyyət mədəniyyətinin möhkəmləndirilməsi imkanına çevrilməlidir.
Esmira Həsənova
YAP Naxçıvan şəhər təşkilatı “Atatürk 26” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,
Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı