Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Salyan bələdiyyəsi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev VIII Qurultayın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan hədəf və vəzifələrdən danışıb. Qeyd edib ki, Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunması, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının dəstəklənməsi və partiyanın cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi hər bir partiya üzvündən məsuliyyətli yanaşma tələb edir. Bu baxımdan, yerli təşkilatların fəaliyyətinin gücləndirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması mühüm vəzifələrdəndir.
Salyan bələdiyyəsinin sədri, ərazi partiya təşkilatının sədri Telman Ağabəyov çıxışında qurultayda müəyyənləşdirilən prioritetlərin yerli səviyyədə həyata keçirilməsi, ərazi təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi və partiya üzvləri arasında birliyin möhkəmləndirilməsi məsələlərinə toxunub. O, bələdiyyə fəaliyyətində vətəndaşların müraciətlərinə həssas yanaşılmasının, əhalini narahat edən məsələlərin diqqətdə saxlanılmasının və ictimai təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.
YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndələri, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev və Yelo Bank ASC-nin Salyan filialının rəhbəri Anar Hacıyev çıxışlarında qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində görülən işlər və bu prosesdə hər bir vətəndaşın məsuliyyəti barədə fikirlərini bölüşüblər. Partiya üzvlərinin dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılmasında və ictimai fəallığın artırılmasında roluna da diqqət çəkiblər.
Görüşdə “Ana Kürüm” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon təşkilatının sədri Arif Əsgərov və digər iştirakçılar da çıxış ediblər. Onlar Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilən strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin vəzifələri, milli həmrəyliyin qorunması və ölkəmizin davamlı inkişafına töhfə verilməsi ilə bağlı fikirlərini bölüşüblər.