PDF Oxu

Siyasət

  • 736

Azərbaycan–Kamboca münasibətləri: mövcud vəziyyət və əməkdaşlıq perspektivləri

image

Azərbaycanın xarici siyasətində mühüm yer tutan istiqamətlərdən biri müxtəlif region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan-Kamboca əlaqələri də vurğulanmalıdır. Kamboca respublikamızdan min kilometrlərlə uzaq məsafədə yerləşsə də, iki ölkə arasında əlaqələr genişlənir. Kamboca Krallığının Baş naziri Hun Manetın bu günlərdə ölkəmizə rəsmi səfəri isə ikitərəfli əlaqələrin genişlənməsinə yeni impuls verəcəkdir. səfər çərçivəsində Prezident İlham Əliyevlə Baş nazir Hun Manetin məhdud və geniş tərkibdə görüşləri keçirilib və müxtəlif məsələlər ətrafında aktual müzakirələr aparılıb. Eləcə də, iki ölkə arasında imzalanan sənədlərin mübadiləsi mərasimi keçirlib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında siyasi münasibətlərin iqtisadi, humanitar və texnoloji əməkdaşlıqla zənginləşdirilməsinə marağı nümayiş etdirir. Tərəflərin müxtəlif sahələrdə mövcud imkanları nəzərdən keçirməsi əlaqələrin daha sistemli inkişafı üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğu qeyd edilib. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qurulan əlaqələr ölkələrimizin beynəlxalq platformalarda fəal təmaslarına imkan yaradır.

Parlamentlərarası münasibətlər də bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Siyasi təmasların inkişafı gələcəkdə digər sahələrdə də əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradır. İqtisadi əlaqələrin dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Coğrafi məsafə müasir dövrdə iqtisadi əməkdaşlıq üçün həlledici maneə deyil, əsas məsələ qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasıdır. Ticarət və investisiya sahələrində praktiki məsələləri araşdırmaq məqsədilə birgə işçi qrupunun yaradılması, eləcə də biznes forumunun keçirilməsi bu istiqamətdə atılan konkret addımlardır. Sahibkarların qarşılıqlı bazar imkanları ilə tanış olması, potensial tərəfdaşların müəyyənləşdirilməsi və birgə layihələrin hazırlanması ticarət dövriyyəsinin artmasına kömək edəcəkdir. Humanitar sahə ikitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Keçmiş Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. İndiki mərhələdə bu ənənənin bərpa edilməsi və hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması mümkündür. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadilə edilməsi bu baxımdan önəmlidir. Müasir dövrdə dövlətlərarası əməkdaşlıq iqtisadi münasibətlərlə yanaşı, rəqəmsallaşma və innovativ idarəçilik kimi istiqamətləri də əhatə edir. Azərbaycanın rəqəmsal idarəçilik sahəsində təcrübəsinin, xüsusilə “ASAN xidmət” modelinin Kambocada maraq doğurması yeni əməkdaşlıq imkanlarının göstəricisidir.
İki ölkəni birləşdirən digər istiqamət mina təhlükəsinə qarşı mübarizədir. Həm Azərbaycan, həm də Kamboca mina probleminin ağır nəticələri ilə üzləşib və bu təhlükə insanların həyatına, sağlamlığına, eləcə də ərazilərin təhlükəsiz istifadəsinə ciddi təsir göstərib.

Nəticə etibarilə, Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı siyasi əlaqələrin konkret iqtisadi və humanitar təşəbbüslərlə möhkəmləndirilməsindən asılıdır. Hər iki ölkə beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətlər həyata keçirməklə bir-birinə dəstək verir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər