44 günlük Vətən müharibəsində qazanılan tarixi və muxtəlifölçülü qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş bərpa, yenidenqurma və quruculuq salnaməsi yazılır. Bu böyük dirçəliş və yenidənqurma prosesinin strateji mərkəzində duran ən vacib bölgələrdən biri Füzuli rayonudur. Otuz ilə yaxın bir müddətdə düşmən tapdağı altında viran qalmış, sosial-iqtisadi infrastrukturu tamamilə yerlə-yeksan edilmiş Füzuli bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti, məqsədyönlü liderliyi və qətiyyətli siyasi iradəsi ilə addım-addım, yenidən doğulur. Dövlət başçısının azad olunmuş ərazilərə, xüsusilə də Füzuliyə etdiyi ardıcıl və məzmunlu səfərlər bu torpaqların təkcə xəritədə bərpa olunmasını deyil, həm də bütün regionun müasir iqtisadi, logistik və nəqliyyat mərkəzinə çevrilməsini təmin edir.
Füzuli şəhərinin və rayonunun azad olunmasından dərhal sonra – 16 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin rayona gerçəkləşən ilk səfəri mühüm tarixi, siyasi və mənəvi əhəmiyyət kəsb edirdi. Dağıdılmış şəhər mərkəzində Azərbaycanın üçrəngli dövlət bayrağının Ali Baş Komandan tərəfindən ucaldılması xalqımızın milli qürurunun və tarixi ədalətin bərpasının rəmzi oldu. Həmin tarixi gündə təməli qoyulan Füzuli–Şuşa avtomobil yolu – Zəfər yolu təkcə strateji nəqliyyat arteriyası deyil, həm də azad edilmiş Qarabağ torpaqlarında həyata keçirilən nəhəng infrastrukturlar silsiləsinin ilk bünövrə daşına çevrildi.
2021-ci ilin ilk aylarından etibarən Füzulidə genişmiqyaslı, çoxşaxəli layihələrin icrasına yüksək sürətlə start verildi. Yanvarın 14-də Əhmədbəyli–Füzuli–Şuşa magistral yolunun 27-ci kilometrində tikinti işlərinə start verilməklə bərabər, Qarabağın gələcək beynəlxalq hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi keçirildi. Fevralın 14-də dövlət başçısının iştirakı ilə Füzuli şəhərinin Baş planı təsdiq olundu, Horadiz–Ağbənd və Ağdam–Füzuli dəmir və avtomobil yollarının inşası prosesi ilə yaxından tanışlıq baş tutdu. Eyni zamanda əhalinin gələcək səhiyyə təminatını yüksək səviyyədə təşkil etmək üçün 180 çarpayılıq müasir Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməli atıldı. Martın 15-də isə bölgələrarası nəqliyyat əlaqələrinin bərpasına güclü təkan verən Füzuli–Hadrut avtomobil yolunun təməli qoyuldu.
İyunun 14-də reallaşan növbəti səfər çərçivəsində dövlət başçısı regionun kənd təsərrüfatı və su təchizatı üçün mühüm əhəmiyyət kəsb edən Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış oldu. Həmçinin rayonun dayanıqlı elektrik enerjisi ilə təminatında müstəsna rol oynayan "Füzuli" 110/35/10 kilovoltluq müasir yarımstansiyasının rəsmi açılışı reallaşdırıldı. Həmin gün Füzuli həm də tarixi bir beynəlxalq görüşə ev sahibliyi etdi; Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzulidə yüksək səviyyədə qarşılanması Azərbaycan–Türkiyə sarsılmaz qardaşlığının və strateji müttəfiqliyinin növbəti əyani nümayişi oldu. Avqustun 29-da ölkə rəhbəri rekord müddətdə ərsəyə gələn Füzuli Beynəlxalq Hava Limanında və Zəfər yolunda aparılan son tamamlama işlərini yerindəcə nəzarətdən keçirərək tapşırıqlarını verdi.
17 oktyabr 2021-ci il tarixi – Füzuli şəhərinin azad olunduğu gün çərçivəsində Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə mühüm görüş keçirdi. Bu səfər Füzulinin gələcək simasını müəyyən edən yeni layihələrin startı ilə yaddaqaldı. Səfər çərçivəsində Füzuli–Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində müasir texnologiyalara və "yaşıl energi" konseptinə əsaslanan "Ağıllı kənd" layihəsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və mülki əhalinin rahat yaşamı üçün nəzərdə tutulan ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri ucaldıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuliyə ardıcıl, sistemli və məqsədyönlü səfərləri dağıdılmış bir ərazinin qısa müddətdə necə müasir, modern və təhlükəsiz yaşayış məskəninə çevrildiyini aydın göstərir. Həyata keçirilən hər bir layihə, açılan hər bir obyekt və atılan hər bir təməl Füzuliyə doğma sakinlərin – Böyük Qayıdışın sürətlə və etibarlı şəkildə yaxınlaşdığının bariz sübutudur.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı