Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin və müəllimlərin geyimi ilə bağlı vahid tələblərin müəyyən edilməsi təhsil mühitində nizam-intizamın, səliqənin, qarşılıqlı hörmətin və peşəkar davranış mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Hesab edirəm ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi şagirdlər arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasının qarşısını almağa, bərabər münasibət mühitinin möhkəmləndirilməsinə və təhsil müəssisəsinin ümumi nüfuzunun qorunmasına xidmət edə bilər.
Eyni zamanda, müəllimlərin geyiminə dair tələblərin müəyyənləşdirilməsi pedaqoji peşənin nüfuzunun, işgüzar üslubun və müəllim-şagird münasibətlərində qarşılıqlı hörmətin qorunması baxımından məqsədəuyğundur. Bu tələblər müəllimin peşəkarlığını, məsuliyyətini və təhsilalanlar üçün nümunə rolunu nəzərə almalıdır.
Bununla belə, geyim qaydaları tətbiq edilərkən onların həddindən artıq formal xarakter daşımamasına, müəllimlərin və şagirdlərin rahatlığını, sağlamlığını və gündəlik fəaliyyət xüsusiyyətlərini nəzərə almasına diqqət yetirilməlidir. Xüsusilə, fənlərin tədrisinin xarakterinə uyğun funksional geyimlərdən istifadəyə imkan verilməsi vacibdir.
Digər mühüm məsələ geyim tələblərinin sosial həssas ailələr üçün əlavə maliyyə yükü yaratmamasıdır. Bu baxımdan, məktəbli geyimlərinin əlçatan qiymətlərlə təmin olunması, qaydaların tətbiqində ailələrin sosial vəziyyətinin nəzərə alınması və şagirdlərin geyimlə bağlı məsələlərə görə təhsildən kənarda qalmamasına xüsusi diqqət yetirilməsi zəruridir.
Qaydaların icrasına nəzarət zamanı inzibati yanaşmadan daha çox maarifləndirməyə, izahata və əməkdaşlığa üstünlük verilməsi məqsədəuyğundur. Şagirdlərə və valideynlərə tələblərin mahiyyəti aydın şəkildə izah edilməli, müəllimlər üçün isə vahid və obyektiv tətbiq mexanizmi təmin olunmalıdır.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı vahid tələblərin tətbiqini dəstəkləyir, lakin bu prosesin ədalətlilik, sosial əlçatanlıq, rahatlıq, qarşılıqlı hörmət və pedaqoji məqsədəuyğunluq prinsipləri əsasında həyata keçirilməsini vacib hesab edirəm. Məqsəd yalnız vahid geyim görünüşü yaratmaq deyil, eyni zamanda, məktəbdə sağlam, intizamlı, bərabərhüquqlu və keyfiyyətli təhsil mühitini möhkəmləndirmək olmalıdır.
İlham Quliyev
YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini