PDF Oxu

Siyasət

  • 474

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda müşavirə keçirilib - FOTOLAR

image

Oktyabrın 14-də “H.Zərdabi 88A” ünvanı üzrə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədən əvvəl institutun inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı, məşhur "91-lər"dən Vüqar Rəhimzadə, SOCAR prezidentinin müşaviri Racu Vəliyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev iştirakçıları salamlayaraq elmi-tədqiqat institutunda belə mühüm tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib. N.Əliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin sosial-iqtisadi və elmi-texniki inkişaf kursunu müəyyənləşdirən vacib tarixi dönüş nöqtəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual nitqi neft-qaz sənayesinin elmi təminatı, innovativ layihələrin tətbiqi və elmi potensialın gücləndirilməsi baxımından mühüm vəzifələr qoyur. O qeyd edib ki, institutun elmi heyəti və mühəndis-layihəçiləri dövlət başçısının neft və enerjinin inkişafı strategiyasına sadiqdir və partiya ideallarının təbliğində, habelə elmi-texniki nailiyyətlərin istehsalata tətbiqində yorulmadan çalışacaqlar.

Çıxış edən Milli Məclisin deputatı, məşhur "91-lər"dən Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın Azərbaycan dövlətçiliyindəki əvəzolunmaz rolundan bəhs edib. V.Rəhimzadə vurğulayıb ki, YAP ağır sınaqlardan keçərək ölkəmizin taleyini dəyişən və xalqı parlaq gələcəyə aparan ideoloji qüvvəyə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanın təşkilati baxımdan daha da möhkəmlənməsinə, gəncləşməsinə və müasir çağırışlara cavab verməsinə zəmin yaradıb. O, institutun alim və mütəxəssislərini cənab Prezidentin siyasi kursu ətrafında daha sıx birləşməyə və partiya işində fəallıq nümayiş etdirməyə çağırıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin konseptual məqamları, postmüharibə dövrünün yeni reallıqları və elmi müəssisələrin qarşısında duran strateji vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş "Əsrin müqaviləsi" və uğurlu neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyinin və bugünkü böyük Zəfərlərinin möhkəm təməlini təşkil etmişdir. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz aktora çevrilmişdir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması həm də güclü iqtisadiyyatımızın və Yeni Azərbaycan Partiyasının yürütdüyü ardıcıl siyasi xəttin parlaq təntənəsidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin daha modern və effektiv prinsiplər əsasında qurulmasını tələb edir. Bu gün neft-qaz sektorunda elmi innovasiyaların tətbiqi, rəqəmsallaşma və yüksəkixtisaslı gənc alimlərin yetişdirilməsi ölkəmizin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Ərazi partiya təşkilatının üzvləri elmi potensialı ideoloji fəallıqla uzlaşdırmalı, gənc mütəxəssislərin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri ruhiyyəsində tərbiyə olunmasına öz töhfələrini verməlidirlər.YAP Yasamal rayon təşkilatı bu yolda “Neftqazelmitədqiqatlayihə” İnstitutunun partiya fəalları ilə sıx əməkdaşlığı davam etdirəcəkdir.

Çıxış edən SOCAR prezidentinin müşaviri Racu Vəliyev neft-qaz sənayesinin ölkə iqtisadiyyatının onurğa sütunu olduğunu vurğulayaraq, Dövlət Neft Şirkətinin qlobal enerji bazarındakı strateji mövqeyi və həyata keçirilən transformasiya layihələri barədə ətraflı çıxış edib. Racu Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin energetika sektoru dinamik inkişaf mərhələsini yaşayır. Bu gün SOCAR nəinki ənənəvi neft-qaz hasilatı, eləcə də "yaşıl enerji"yə keçid, dekarbonizasiya və müasir rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm beynəlxalq layihələrin icraçısına çevrilmişdir. Bu böyük nailiyyətlərin arxasında məhz "Neftqazelmitədqiqatlayihə" İnstitutunun alimlərinin, mühəndis və layihəçilərinin dəyərli elmi potensialı və gərgin əməyi dayanır. R.Vəliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı tərəfindən müəyyən edilən strateji vəzifələr SOCAR sistemində çalışan hər bir əməkdaşdan yüksək peşəkarlıqla yanaşı, güclü ideoloji fəallıq və dövlətçilik təfəkkürü tələb edir. O, institutun ərazi partiya təşkilatının üzvlərini və gənc mütəxəssislərini elmi-tədqiqat işlərində innovativ yanaşmaları genişləndirməyə, milli maraqlarımızın qorunmasında və Yeni Azərbaycan Partiyasının proqram məqsədlərinin təbliğində hər zaman ön sıralarda olmağa çağırıb.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər