Azərbaycan Respublikası əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu, qarşılıqlı hörmət, dözümlülük və yüksək toleratlıq mühitinin hökm sürdüyü mühüm Şərq və Qərb mərkəzlərindən biri olmuşdur. Müstəqilliyin bərpasından sonra milli-mənəvi dəyərlərin dirçəldilməsi, tarixi-dini abidələrin qorunması, habelə İslam dininə dövlət səviyyəsində sistemli və hərtərəfli qayğının göstərilməsi dövlət siyasətinin prioritet və strateji istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Xüsusilə 2020–2026-cı illəri əhatə edən dövr ölkəmizdə dini-mədəni irsin bərpası, məscid, ziyarətgah və digər inanc yerlərinin yenidən qurulması baxımından tarixi bir mərhələ təşkil edir. Hal-hazırda ölkə ərazisində 2389 məscid fəaliyyət göstərir və bu ibadət evlərində eyni vaxtda 600 min nəfərə yaxın şəxsin sərbəst və rahat şəkildə ibadət etməsi üçün hər cür müasir infrastruktur və şərait yaradılmışdır. Bu miqyaslı rəqəmlər və şərait dövlətin və cəmiyyətin dini etiqad azadlığına, insanların mənəvi ehtiyaclarına verdiyi dəyərin bariz göstəricisidir.
2020–2025-ci illər ərzində dövlət dəstəyi ilə, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yaxından iştirakı, təşəbbüsü və qayğısı ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən, öz tarixi, memarlıq və mənəvi dəyəri ilə seçilən çoxsaylı məscid və ziyarətgahlarda genişmiqyaslı təmir-bərpa, eləcə də yenidənqurma işləri aparılmışdır. Bu çərçivədə İsmayıllı rayonunun qədim Lahıc qəsəbəsində yerləşən Bədöyün məscidi, Bakı şəhəri Suraxanı rayonundakı "Fatimeyi-Zəhra" məscidi, Şəki şəhərindəki özünəməxsus memarlığa malik "Xan" məscidi, Bakı şəhəri Nərimanov rayonundakı "Cümə" məscidi, Şamaxı rayonundakı mənəvi baxımdan böyük əhəmiyyətə malik "Pirsaat Baba" ziyarətgah-məscid kompleksi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi, Nizami rayonu Keşlə qəsəbəsindəki tarixi "Şah Abbas" məscidi, Şamaxı rayonundakı "Pir Ömər Sultan" ziyarətgahı və Naxçıvan şəhərindəki möhtəşəm "Heydər" məscid kompleksi yüksək səviyyədə təmir-bərpa olunaraq inanc sahiblərinin istifadəsinə verilmişdir. Bu kompleks addımlar təkcə paytaxt Bakıda deyil, ölkənin bütün kənd və şəhərlərində tarixi-dini irsin qorunmasına göstərilən dövlət diqqətinin real təcəssümüdür.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı böyük qayıdış və quruculuq işlərinin mühüm hissəsini məhz işğal dövründə dağıntılara, talana və təhqirlərə məruz qalmış dini-tarixi abidələrimizin bərpası təşkil edir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən təmir-bərpa işləri təkcə fiziki bərpa deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və mənəvi birliyin təntənəsidir. Bu çərçivədə Azərbaycanın mədəniyyət və ruh mərkəzi olan Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər Ağa", "Aşağı Gövhər Ağa", "Saatlı", "Mamayı", "Çöl Qala" məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid öz ilkin tarixi memarlıq siması tam saxlanılmaqla bərpa olunmuşdur. Həmçinin Şuşa rayonunun Daşaltı kənd məscidi, erməni vandalizminə ən çox məruz qalmış Ağdam şəhərindəki "Cümə" məscidi, Ağdam rayonunun Qiyaslı kənd məscidi, Zəngilan şəhər məscidi və Hadrut qəsəbəsi məscidi qısa müddətdə bərpa edilərək öz əvvəlki mənəvi funksiyasına qayıtmışdır.
Bununla yanaşı, bu mübarək missiya 2026-cı ildə də böyük vüsətlə davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Gəncə şəhərində yerləşən tarixi Cümə (Şah Abbas) məscidinin kompleks təmir-bərpası üçün 2026-cı ildə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1,6 milyon manat vəsait ayrılmış və məsciddə genişmiqyaslı bərpa işlərinə start verilmişdir. Bundan başqa, hazırda işğaldan azad olunmuş Şuşa şəhərində, Cəbrayıl, Füzuli və Laçın rayonlarında tamamilə yeni, modern və milli memarlıq üslubunu özündə sintez edən möhtəşəm məscidlərin tikintisi sürətlə davam etdirilir. Eyni zamanda ölkəmizin şimal bölgəsində, Qusar rayonunun Hill kəndində yerləşən məsciddə təmir-bərpa işləri intensiv şəkildə həyata keçirilir.
Azərbaycanda məscid və ziyarətgahların bərpası, saxlanılması və yeni ibadət evlərinin inşası sadəcə ayrı-ayrı dini tikililərin təmiri kimi dəyərləndirilməməlidir. Bu fəaliyyət xalqımızın minillik tarixi yaddaşının, dini-mədəni irsinin və milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəsillərə orijinallığı pozulmadan ötürülməsi siyasətinin mühüm tərkib hissəsidir. Dövlətin yaratdığı bu yüksək şərait, ayıran maliyyə vəsaitləri və göstərdiyi həssas diqqət ölkədə vicdan azadlığının, dini həmrəyliyin, multikultural dəyərlərin və mənəvi bütövlüyün daha da möhkəmlənməsinə, eləcə də dövlət-din münasibətlərinin sivil və sağlam zəmində inkişafına xidmət edir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı