PDF Oxu

Siyasət

  • 622

Təhsil müəssisələrində geyim mədəniyyəti

image

Təhsil müəssisələrində təkcə tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir metodların tətbiqi və şagirdlərin bilik səviyyəsinin artırılması ilə məhdudlaşmır. Bu proses məktəbdə davranış mədəniyyətinin, qarşılıqlı hörmətin, məsuliyyət hissinin və ümumi nizam-intizam qaydalarına münasibətin formalaşdırılmasını da əhatə edir. Bu baxımdan dövlət ümumitəhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı müəyyən edilmiş tələblər təhsil mühitinin təşkilində mühüm istiqamətlərdən biri kimi çıxış edir. Şagirdin məktəbə münasibəti, müəllimlə ünsiyyəti, kollektivdə davranışı və məktəbin daxili qaydalarına əməl etməsi onun ümumi tərbiyə prosesinin ayrılmaz hissəsidir. Bu mənada geyim mədəniyyəti də məktəb həyatının ümumi etik və təşkilati prinsipləri ilə əlaqəli məsələdir.

Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq sənədlə tənzimlənir. 21 sentyabr 2026-cı il tarixində qəbul edilmiş 309 nömrəli Qərarla həmin sənədə dəyişikliklər edilib. Yeni dəyişikliklər müəyyən olunmuş geyim formasının vahidliyinin qorunması, valideynlərin məsuliyyətinin dəqiqləşdirilməsi və qaydaların icrası ilə bağlı məsələlərin məktəbin Pedaqoji Şurası tərəfindən həll olunmasını nəzərdə tutur. Qərarda qeyd olunur: “Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir”. Vahid məktəbli formasının əsas məqsədlərindən biri şagirdlər arasında xarici görünüşlə bağlı fərqlərin ön plana çıxmasının qarşısını almaq və onların özlərini vahid təhsil kollektivinin üzvü kimi hiss etmələrinə şərait yaratmaqdır. Məktəbli forması şagirdlərin diqqətinin geyim seçiminə deyil, tədrisə, biliklərin mənimsənilməsinə və şəxsi inkişafına yönəlməsinə kömək edən amillərdən biri hesab olunur.

Müvafiq tələblərə əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Kişi təhsilverənlər üçün klassik üslublu pencək və şalvar, uyğun köynək və klassik ayaqqabı, qadın təhsilverənlər üçün isə klassik üslublu dəstlər, köynək və ya kofta, diz xəttində və ya dizdən aşağı uzunluqda ətək və ya don kimi geyim variantları müəyyən edilib. Geyimin ölçüsü və forması müəllimin əmək funksiyalarının yerinə yetirilməsinə mane olmamalıdır. Məktəbli forması və müəllimlərin işgüzar geyimi məsələsinə yalnız zahiri görünüşün tənzimlənməsi kimi yanaşmaq düzgün olmazdı. Burada əsas məqsəd ümumi təhsil mühitində vahid qaydaların qorunması, tədris prosesinin təşkilinə uyğun şəraitin yaradılması və məktəb mədəniyyətinin möhkəmləndirilməsidir. Qaydaların tətbiqi təhsilin keyfiyyətini müəyyən edən yeganə amil olmasa da, məktəbdə məsuliyyətli və nizamlı mühitin formalaşmasına töhfə verən təşkilati vasitələrdən biridir.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin ardıcıl tətbiqi məktəb mədəniyyətinin inkişafı, qarşılıqlı hörmətin gücləndirilməsi və ümumi təhsil mühitində vahid yanaşmanın təmin olunması baxımından əhəmiyyətlidir. Bu istiqamətdə əldə ediləcək nəticələr məktəb rəhbərliyinin, pedaqoji kollektivin, valideynlərin və şagirdlərin birgə məsuliyyətindən asılıdır. Əsas məqsəd qaydalara formal riayət olunması ilə kifayətlənməmək, onların mahiyyətini dərk edən, məsuliyyətli davranan və təhsilə hörmətlə yanaşan nəslin yetişməsinə dəstək verməkdir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

Üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər