Hər bir xalqın tarixində onun milli qürurunu, iradəsini və azadlıq əzmini təcəssüm etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 17 oktyabr – Füzuli Şəhəri Günü məhz belə tarixi günlərdən biridir. Bu tarix xalqımızın torpaq sevgisinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. Füzulinin azadlığı ilə yalnız bir şəhər düşmən işğalından xilas edilmədi, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış arzularına yol açıldı.
Füzuli şəhəri və rayonun bir sıra yaşayış məntəqələri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, ərazilərdə tarixi-mədəni irsə, yaşayış evlərinə və infrastruktura ciddi ziyan vurulmuşdu. Uzun illər davam edən işğal nəticəsində doğma torpaqlarından didərgin düşən füzulililər qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. Lakin Azərbaycan xalqının torpaqlarını azad etmək əzmi heç vaxt sarsılmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və ordumuzun gücü 2020-ci ildə bu arzunu reallığa çevirdi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazdı. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşmənin illərlə qurduğu müdafiə istehkamlarını yarıb keçdi. Oktyabrın 17-də Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi böyük tarixi qələbəyə çevrildi. Həmin gün Azərbaycan bayrağının doğma torpaqlarda dalğalanması xalqımızın qələbə əzmini daha da gücləndirdi, dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Füzulinin azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi igidlik və fədakarlıq heç vaxt unudulmayacaq.
Füzuli Şəhəri Gününün təsis edilməsi də bu tarixi qələbəyə verilən yüksək dəyərin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar tarix şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını qiymətləndirmək və xalqımızın Zəfər sevincini bir daha yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin başlanması Füzulinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 16-da Füzuliyə səfəri zamanı şəhərdə Azərbaycan bayrağını ucaltması, Füzuli–Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlini qoyması tarixi qayıdışın rəmzinə çevrildi. Dövlət başçısının bu səfəri azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasına və gələcək inkişafın təmin edilməsinə yönəlmiş ardıcıl fəaliyyətin başlanğıcını nümayiş etdirdi.
2021-ci il yanvarın 14-də Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməllərinin qoyulması regionun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm addım oldu. Fevralın 14-də Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, Horadiz–Ağbənd və Ağdam–Füzuli avtomobil yollarının tikintisi ilə tanışlıq, eləcə də 180 çarpayılıq xəstəxananın təməlinin qoyulması şəhərin müasir tələblərə uyğun yenidən qurulmasına xidmət edirdi. Martın 15-də Füzuli–Hadrut avtomobil yolunun təməlinin qoyulması isə rayonun digər yaşayış məntəqələri ilə əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyırdı.
Dövlət başçısının 2021-ci il iyunun 14-də Füzuliyə səfəri zamanı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri, Əhmədbəyli–Füzuli–Şuşa və Zəfər yollarında görülən işlər nəzərdən keçirildi, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışı oldu. Həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonunda qarşılanması Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əyani təzahürü idi. Avqustun 29-da isə Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq bu mühüm infrastruktur layihəsinin həyata keçirilməsinə verilən diqqəti bir daha göstərdi.
Bütün bu addımlar Füzulinin yalnız yenidən qurulmasını deyil, həm də regionun iqtisadi, nəqliyyat və sosial imkanlarının genişləndirilməsini hədəfləyirdi. Müasir yollar, hava limanı, enerji və sosial infrastruktur layihələri şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. İşğal dövründə dağıntılara məruz qalmış Füzuli bu gün yeni görkəmi, müasir şəhərsalma yanaşması və geniş quruculuq işləri ilə Azərbaycanın bərpa və dirçəliş siyasətinin nümunələrindən birinə çevrilir.
Füzulidə həyata keçirilən quruculuq işlərinin ən mühüm məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir. 2023-cü il avqustun 18-dən etibarən şəhərə sakinlərin qayıdışına başlanılması Zəfərin real nəticələrinin insanların həyatında təcəssümüdür. Doğma evlərinə qayıdan ailələrin sevinci, şəhərdə yenidən canlanan həyat və qurulan yeni yaşayış mühiti Böyük Qayıdış proqramının əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.
17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın birliyinin, milli iradəsinin və yenilməz ruhunun təntənəsidir. Bu gün biz Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq. Füzulinin dirçəlişi Azərbaycanın gücünün, dövlətimizin quruculuq əzminin və xalqımızın doğma torpaqlarına bağlılığının parlaq ifadəsidir. Bir zamanlar işğalın ağır izlərini daşıyan bu şəhər bu gün Zəfərin, ümidin və gələcəyə inamın rəmzi kimi yaşayır.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı