Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus təbiətə malik bölgələrindən biri olan Füzuli torpağı xalqımızın milli yaddaşında xüsusi yer tutur. Bu diyarın hər qarışı Vətən sevgisinin, mübarizə əzminin və doğma yurda bağlılığın canlı təcəssümüdür. Bu gün Füzuli həm şanlı Zəfərimizin, həm də işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinin rəmzi kimi diqqət çəkir.
Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir, Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Tarixi-mədəni abidələrlə zəngin olan rayon qədim yaşayış məskənləri, memarlıq nümunələri və təbii sərvətləri ilə seçilir. Arğalı, Babı və Mirəli türbələri, Hacıqiyasəddin məscidi və Karvansara bu diyarın zəngin tarixi irsinin mühüm nümunələrindəndir. Lakin uzun illər davam edən işğal Füzulinin tarixi irsinə ağır zərbə vurmuş, şəhər və kəndlərimiz dağıntılara məruz qalmışdır.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli torpağı uzun illər həsrət və nisgil içində qaldı. Doğma yurdlarından didərgin düşən sakinlər qayıdış gününü səbirsizliklə gözləyir, torpaqlarımızın azad olunacağına inamlarını qoruyub saxlayırdılar. Bu inam 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan tam azad edilməsi hərb tariximizin şanlı səhifələrindən birinə çevrildi. Bu qələbə xalqımızın iradəsinin, ordumuzun gücünün və milli birliyimizin təntənəsi idi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 17-si Füzuli şəhəri günü kimi təsis edildi. Hər il qeyd olunan bu əlamətdar tarix xalqımızın qələbə ruhunu, şəhidlərimizin müqəddəs xatirəsini və Vətən uğrunda mübarizənin əzəmətini özündə birləşdirir. Füzulinin azadlığı yalnız bir şəhərin düşmən işğalından qurtuluşu deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi deməkdir.
Bu gün Füzulidə həyat yenidən canlanır, şəhər müasir tələblərə uyğun şəkildə qurulur, sosial və nəqliyyat infrastrukturu yaradılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil yollarının çəkilməsi və digər mühüm layihələrin həyata keçirilməsi bölgənin inkişafına, Qarabağın nəqliyyat-logistika imkanlarının genişlənməsinə xidmət edir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışına başlanılması Böyük Qayıdışın mühüm mərhələsidir. Doğma torpağa qayıdan sakinlərin evlərində yenidən həyatın başlanması dövlətimizin ardıcıl siyasətinin və xalqımızın sarsılmaz iradəsinin nəticəsidir.
Füzulinin yenidən qurulmasında qardaş Özbəkistan Respublikasının göstərdiyi maddi və mənəvi dəstək də xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik müasir orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında dostluğun və həmrəyliyin parlaq nümunəsidir. 2023-cü il avqustun 23-də açılışı olan məktəb müasir təhsil imkanları ilə yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməllərini və ortaq mənəvi dəyərlərini də təcəssüm etdirir. Bu nəcib təşəbbüs göstərir ki, həqiqi qardaşlıq çətin günlərdə nümayiş etdirilən həmrəylik və xoş niyyətlə daha da möhkəmlənir.
17 Oktyabr – Füzuli şəhəri günü xalqımız üçün həm qürur, həm də gələcəyə inam tarixidir. Bu gün biz torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Füzulinin xarabalıqlardan müasir və abad şəhərə çevrilməsi Azərbaycanın quruculuq əzminin, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz ruhunun göstəricisidir. Bu qədim diyar bundan sonra da sülhün, inkişafın, milli birliyin və qardaşlıq münasibətlərinin təntənəsini yaşayacaq.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı