PDF Oxu

Siyasət

  • 571

Bakıdan Vyenstyana uzanan etibarlı tərəfdaşlıq

image

​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq müstəvidəki mövqelərini günbəgün möhkəmləndirir, coğrafi hüdudları aşaraq müxtəlif regionlarla tərəfdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi dövlət başçımızın uzaqgörən diplomatik strategiyasının mühüm tərkib hissələrindən biridir. Bu baxımdan, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana reallaşan rəsmi səfəri və səfər çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki ölkə arasında təməli qoyulan yeni dostluq və tərəfdaşlıq səhifəsinin parlaq göstəricisinə çevrilmişdir. Prezident İlham Əliyevin ali səviyyəli diplomatik görüşlərdə nümayiş etdirdiyi strateji baxış və Liderlik iradəsi Azərbaycanın Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasına güclü təkan vermişdir.
​Səfər zamanı aparılan yüksəksəviyyəli danışıqlar göstərir ki, Azərbaycan ilə Laos arasında siyasi müstəvidə münasibətlər son dərəcə uğurla və dinamik şəkildə inkişaf edir. Dövlət başçımızın vurğuladığı kimi, iki ölkə arasında qarşılıqlı hörmətə, etimada və beynəlxalq hüququn norma və prinsiplərinə dayanan möhkəm siyasi dialoq mövcuddur. Beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləməsi və bir-birinə qarşılıqlı dəstək nümayiş etdirməsi bu siyasi həmrəyliyin bariz nümunəsidir. Prezident İlham Əliyevin diplomatik ustalığı sayəsində Azərbaycan qlobal platformalarda coğrafi baxımdan uzaq olan dövlətlərlə də eyni dəyərlər və ortaq maraqlar ətrafında sıx dialoq qurmağa müvəffəq olmuşdur.
​İkitərəfli münasibətlərin institusional baxımdan güclənməsində və xalqlararası təmasların dərinləşməsində parlamentlərarası əlaqələrin inkişafı da müstəsna əhəmiyyət kəsb edir. Dövlətlərimiz arasında qanunverici hakimiyyət orqanları səviyyəsində qurulan əməkdaşlıq, dostluq qruplarının fəaliyyəti və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri siyasi dialoqu tamamlayan, onu daha da dolğunlaşdıran mühüm amillərdən biridir. Parlament diplomatik mexanizmlərinin fəal işləməsi ikitərəfli müqavilə-hüquq bazasının zənginləşməsinə və qəbul edilən qərarların praktiki müstəvidə reallaşmasına münbit zəmin yaradır.
​Səfərin ən mühüm yekunlarından biri kimi Azərbaycan ilə Laos arasında imzalanan Birgə Bəyanat və digər ikitərəfli sənədlər gələcək çoxşaxəli əməkdaşlığın hüquqi təməlini formalaşdırmışdır. İmzalanan bu sənədlər iqtisadiyyat, ticarət, investisiya, təhsil, humanitar və digər strateji sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Dövlət başçımızın yaratdığı bu yeni tərəfdaşlıq imkanları Azərbaycanın beynəlxalq aləmdə etibarlı, nüfuzlu və genişşaxəli əlaqələrə malik dövlət obrazını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti sayəsində Azərbaycan-Laos münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edərək hər iki xalqın və dövlətin ali maraqlarına xidmət edəcəkdir.



Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər