PDF Oxu

Siyasət

  • 577

Bakı dünyaya yenə qucaq açdı: İndi etimada sədaqətin bəhrəsini görürük

Bakı dünyaya yenə qucaq açdı: İndi etimada sədaqətin bəhrəsini görürük

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

Şübhəsiz ki, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, dövlətimizin beynəlxalq arenada nüfuzunun növbəti dəfə təsdiqidir.
Bu möhtəşəm tədbiri öz dolğun nitqi ilə daha da gözəlləşdirən cənab prezident ilk olaraq AQEM-in dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşünü açıq elan etdi.
Gündəlikdə duran məsələlərdən biri Laos Xalq Demokratik Respublikasının üzv dövlət qismində AQEM-ə qoşulması haqqında qərarı idi. Ölkəmizin başçısı tərəfindən Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qoşulması barədə təklif irəli sürüldü. Cənab prezidentin bu təklifi yekdilliklə qəbul olundu.
Dövlətimizin başçısı vurğuladı ki, Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət qismində qəbul olunması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bunun məhz Azərbaycanın AQEM-ə sədrliyi dövründə Bakı Zirvə Görüşü çərçivəsində baş verməsini yüksək qiymətləndirir. Daha sonra laoslu həmkarını təbrik etdi.
Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığını bildirdi. Cənab prezident bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan AQEM-ə sədrlik etdiyi müddətdə qurumun gücləndirilməsinə xüsusi diqqət yetirib. Eyni zamanda, bu müddət ərzində nəqliyyat, bağlantılar (qlobal və regional körpülər), rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində fəal əməkdaşlıq təşviq olunub.
Bir sıra beynəlxalq qurumların təmsilçiləri, ekspertlər də vurğulayırlar ki, bütün üzv dövlətlərin yekdil dəstəyi sayəsində AQEM bu gün institusional və hüquqi baxımdan daha da güclənib. Burada Azərbaycanın göstərdiyi səylər isə xüsusi diqqətə layiqdir. Ən əsası, Azərbaycanın bu təşkilata sədrliyinin uzadılması ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Xüsusi vurğulamaq lazımdır ki, təşkilata üzv dövlətlərin Azərbaycanın sədrliyini yekdilliklə daha 2 il müddətinə uzatması ölkəmizin təşkilat daxilində institusional və hüquqi baxımdan güclənməsinə verdiyi töhfənin beynəlxalq səviyyədə rəsmi qəbuludur.
Daha sonra prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən effektiv mexanizmlər işlənib hazırlanmayana qədər dünyada münaqişələr davam edəcək. Azərbaycanın 30 ilə yaxın müddətdə BMT qətnamələrinin kağız üzərində qalması ilə üzləşdiyini və nəticədə beynəlxalq hüququ öz gücü ilə bərpa etdiyini qeyd etdi. Dövlət başçısı 2020-ci il 44 günlük Vətən müharibəsi və ardınca həyata keçirilən tədbirlər sayəsində Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini xatırlatdı. Təcavüzkarın cəzasız qalmasının onun həyasızlığını artırdığını, lakin Azərbaycan xalqının sarsılmaz iradəsi ilə işğala son qoyulduğunu vurğuladı.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın yalnız hərbi-siyasi müstəvidə deyil, həm də mənəvi və diplomatik müstəvidə liderliyini təsdiqlədi. Bakı Zirvə Görüşü Asiyada etimad mühitinin yaradılması, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və davamlı sülhün bərqərar olunması yolunda mühüm mərhələyə çevrildi.

Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri

Digər xəbərlər