Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli, rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman sektorundan, peşə liseyindən nümayəndələr. partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 18 Oktyabr -Müstəqilliyimizin Bərpası Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa edərək öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Bu müstəqilliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş, beynəlxalq nüfuzunu daha da gücləndirmişdir.
Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli bildirib ki, Müstəqilliyin qorunması yalnız tarixi nailiyyətimizin qeyd edilməsi deyil, həm də hər birimizin üzərinə düşən məsuliyyətin dərk olunmasıdır. Rayonumuzun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli dəyərlərimizin yaşadılması istiqamətində görülən işlər bu məqsədə xidmət edir.
Tədbirdə çıxış edənlər bildiriblər ki, dövlət müstəqilliyimiz xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir.