Küləyin sürəti 6 balldan yuxarı olduqda bütün kran və qaldırıcı qurğularda işlərin dayandırılması nəzərdə tutulur. Lakin müasir kranların texniki göstəriciləri küləyin gücü 8 bala qədər olduqda da təhlükəsiz iş rejimində fəaliyyət göstərməyə imkan verir.SİA xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.Deputat bildirib ki, qanun layihəsi yeni nəsil müasir kran və qaldırıcı qurğuların ölkəmizdə istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihə ilə Əmək Məcəlləsinin ikinci əlavəsinə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.Dəyişikliyə əsasən, küləyin gücü 6–8 bal arasında olduqda kranlarla işlərin görülməsinə yalnız onların texniki pasportlarında nəzərdə tutulan şərtlər daxilində icazə veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla bütün işlər dayandırılacaq.Musa Quliyev qeyd edib ki, dəyişiklik işlərin dayandırılması hallarının azaldılmasına, iş rejiminin düzgün tənzimlənməsinə, əmək məhsuldarlığının artırılmasına və layihələrin vaxtında başa çatdırılmasına hüquqi zəmin yaradacaq.O əlavə edib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsində ətraflı müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Müəllif: Günay Hacıyeva