Qanunvericilikdə fərdi məlumatların qeydiyyatı və elektron informasiya sistemləri vasitəsilə idarə olunması ilə bağlı hüquqi əsasların müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklər qeydiyyat proseslərinin daha sistemli və şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradır.
SİA xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, qanun layihəsi fərdi məlumatların qeydiyyatının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, müvafiq proseslərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsini təmin edir. Bu yanaşma məlumatların qeydiyyatı sahəsində prosedurların təkmilləşdirilməsinə və elektron sistemlərin tətbiqinin genişləndirilməsinə xidmət edir.
Onun sözlərinə görə, layihə dövlət təşkilatlarının və hüquqi şəxslərin satınalma fəaliyyətində əlavə məhdudiyyətlərin yaranmasının qarşısının alınması, eləcə də büdcə və digər maliyyə mənbələri hesabına həyata keçirilən satınalmaların hüquqi təminatının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Azər Badamov vurğulayıb ki, qanunvericilikdə müvafiq hüquqi mexanizmlərin dəqiq müəyyənləşdirilməsi həm qeydiyyat proseslərinin, həm də satınalma fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi üçün vacibdir.
Müəllif: Günay Hacıyeva