PDF Oxu

Siyasət

  • 1 194

Milli Məclis sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivəni ilk oxunuşda qəbul edib

Milli Məclis sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivəni ilk oxunuşda qəbul edib

Milli Məclis Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi əsaslarının yaradılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.SİA xəbər verir ki, bununla bağlı “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik edilməsi barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Bildirilib ki, qanun layihəsi Prezidentin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq hazırlanıb. Sənədin hazırlanması zamanı beynəlxalq təcrübə, xarici ölkələrin müvafiq qanunvericiliyi və Azərbaycanın kapital bazarlarının xüsusiyyətləri nəzərə alınıb.Layihə sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətləri və xidmət agentləri üçün tələbləri, aktivlərin satışı qaydalarını, sekyuritizasiya planının hazırlanması və təsdiqini, istiqrazların emissiyasını, habelə risklərin idarə edilməsi və şəffaflıq məsələlərini tənzimləyir.Sekyuritizasiya kreditorlara sahib olduqları aktivlərdən gələcəkdə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən maliyyə alətidir. Bu mexanizm çərçivəsində kreditor həmin aktivləri müəyyən endirimlə sekyuritizasiya şirkətinə satır. Şirkət isə əldə etdiyi aktivlər əsasında istiqrazlar buraxır və bu qiymətli kağızlar üzrə ödənişləri aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirir.Qanun layihəsində sekyuritizasiya prosesinin bütün iştirakçılarına, o cümlədən ilkin kreditorlara və istiqrazları emissiya edən şirkətlərə dair tələblər, onların səlahiyyət və funksiyaları, eləcə də prosesin həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilib.Sənədə əsasən, hər bir sekyuritizasiya prosesi Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi plan əsasında həyata keçiriləcək. Aktivlərin satışı isə satıcı ilə sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdiriləcək.Sekyuritizasiya planında prosesin iştirakçıları, sekyuritizasiya predmetini təşkil edən aktivlər, mövcud risklər və onların azaldılması üsulları barədə məlumatlar, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu təsdiqləyən kənar auditor rəyi əks olunmalıdır. AMB planı təsdiq etdikdən sonra 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün tənzimləyici quruma müraciət etməlidir.Layihədə sekyuritizasiya zamanı yarana biləcək risklərin azaldılması üçün də bir sıra mexanizmlər nəzərdə tutulub. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski satıcının balansında qalan eyni növlü aktivlərin kredit riskindən yüksək olmamalıdır. Bundan başqa, aktivləri satan tərəf həmin aktivlər əsasında buraxılan istiqrazların ən azı 5 faizini əldə etməli və tədavül müddətinin sonunadək özündə saxlamalıdır.Sənəddə, həmçinin aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasını təmin edən üsullarla qorunması və istiqrazların fərqli kredit risklərinə malik bir neçə tranş şəklində buraxılması kimi mexanizmlər də əksini tapıb.Qeyd olunub ki, sekyuritizasiya fəaliyyətinin hüquqi tənzimlənməsi likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsinə, maliyyə alətlərinin çeşidinin genişlənməsinə və investorlar üçün yeni investisiya imkanlarının yaranmasına şərait yaradacaq. Bu mexanizm bazar iştirakçılarının likvidliyin idarə olunması imkanlarını da genişləndirəcək.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər