17 oktyabr — Füzuli Şəhəri Günü
Bəzi tarixlər var ki, onları sadəcə təqvimdən oxumursan. O tarixləri qəlbində daşıyırsan, hər dəfə xatırlayanda gözlərin önündə döyüş meydanları, torpağa qarışan qan, qulaqlarında mərmi səsləri və Vətən uğrunda canından keçməyə hazır olan silahdaşların canlanır. Füzulinin işğaldan azad olunması mənim üçün məhz belə bir tarixdir.
1993-cü il avqustun 23-də işğal edilən Füzuli torpağı 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azadlığına qovuşdu. Bu, yalnız bir şəhərin azad edilməsi deyildi. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi, tarixi ədalətin bərpası və Azərbaycan xalqının sarsılmaz iradəsinin təntənəsi idi. Həmin gün Ali Baş Komandanımız, cənab İlham Əliyevin xalqa çatdırdığı müjdə milyonlarla insanın qəlbində əbədi yaşayacaq bir sevincə çevrildi.
Mən bu tarixi kənardan izləyənlərdən olmadım. Mən həmin mübarizənin içində, tankın polad zirehi arxasında Vətən torpağının azadlığı uğrunda döyüşən tankçılardan biri oldum.
T-72 “Ural” tankının 331 nömrəli heyətində döyüş yolu keçmək, düşmənin istehkamları və müdafiə xətləri ilə üz-üzə qalmaq, hər an həyatla ölüm arasında qərar vermək asan deyildi. Tankçı üçün hər döyüş yeni bir sınaq, hər irəliləyiş azadlığa doğru atılan addım idi. Qarşımızda minalanmış yollar, düşmənin qurduğu müdafiə mövqeləri və keçilməz görünən maneələr var idi. Ancaq bizim üçün ən böyük həqiqət dəyişməz idi: Qarabağ bizimdir və biz doğma torpaqlarımızı azad etməliyik!
Füzuli istiqamətində düşmənin qurduğu müdafiə eşelonlarının yarılması, ağır döyüşlərdə irəliləyən Azərbaycan Ordusunun əzmi və tank heyətlərinin göstərdiyi qəhrəmanlıq Zəfərimizin mühüm səhifələrindən birinə çevrildi. Hər qarış torpaq böyük fədakarlıq, cəsarət və silahdaşlarımızın birliyi hesabına azad edilirdi.
Tankçı olmaq yalnız polad texnikanı idarə etmək deyil. Tankçı olmaq qorxunun üzərinə getmək, silahdaşına arxa olmaq, qarşıya qoyulan tapşırığı yerinə yetirmək və Vətən naminə sonadək mübarizə aparmaqdır.
Biz o günlərdə rahatlığı düşünmürdük. Biz evimizi, ailəmizi, bizi gözləyən doğmalarımızı düşünürdük, amma bütün bunlardan da üstün tutduğumuz bir amal var idi: torpaqlarımızı işğaldan azad etmək!
Füzuli uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanı ilə yazılan tarix bu gün də hər birimizin vicdanında və yaddaşında yaşayır. Qələbə sevincimizin arxasında yarımçıq qalan ömürlər, doğmalarını gözləyən analar, övladlarının yolunu gözləyən ailələr və Vətən naminə canını fəda edən qəhrəmanlarımız dayanır. Onların qarşısında baş əyir, əziz xatirələrini ehtiramla yad edirəm.
2020-ci il noyabrın 16-da cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuliyə səfəri və şəhərdə Azərbaycan bayrağının dalğalanması dövlətimizin iradəsinin, xalqımızın qürurunun və Ordumuzun tarixi qələbəsinin rəmzinə çevrildi. Sonrakı illərdə Füzulidə Memorial Kompleksin və Zəfər abidəsinin yaradılması istiqamətində atılan addımlar isə bu tarixin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Füzulidə ucalan hər bir abidə bizə şəhidlərimizi xatırladır. Yenidən qurulan küçələr, tikilən evlər, məktəblər və doğma yurduna qayıdan insanların sevinci göstərir ki, Azərbaycan xalqı dağıdılanı bərpa etməyi, itiriləni geri qaytarmağı və gələcəyə inamla addımlamağı bacarır.
Mən bir tankçı, Vətən müharibəsinin iştirakçısı və ehtiyatda olan baş leytenant kimi Füzulinin azadlığı ilə fəxr edirəm. Mənim üçün bu torpaqlar sadəcə coğrafi məkan deyil. Bu torpaqlar döyüş xatirələrim, silahdaşlarım, keçdiyimiz ağır yollar və ömrümün heç vaxt unudulmayacaq günləridir.
Bu gün Füzulidən danışarkən yalnız qələbəmizlə fəxr etməməliyik. Həm də o qələbənin hansı bədəllə qazanıldığını unutmamalıyıq. Çünki tarix yalnız qalib gələnlərin deyil, həmin qələbə uğrunda canından keçənlərin də adını yaşatmalıdır.
Füzuli azad olundu. Azərbaycan bayrağı öz doğma torpağında yenidən dalğalandı. Xalqımızın illərlə qəlbində yaşatdığı arzu gerçəyə çevrildi.
Biz o torpaqlara tanklarla irəlilədik, şəhidlərimizin qanı ilə tarix yazdıq, Ali Baş Komandanımızın rəhbərliyi altında Zəfər qazandıq!
Bu gün Füzuli azaddır. Füzuli yenidən qurulur. Füzuli yaşayır!
Bu Zəfərin memarlarına, onu qanı və canı ilə qazanan qəhrəman Azərbaycan əsgərinə, şəhidlərimizə və qazilərimizə eşq olsun!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Füzuli bizimdir! Qarabağ Azərbaycandır!
Əlisoy Əli
YAP Şərur rayon təşkilatının fəal üzvü