Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş növbəti görüşünü keçirib.
Rayonun Şıxəkəran kənd tam orta məktəbinin akt zalında təşkil olunan, Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan tədbirdə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin ölkənin siyasi, iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətindən danışan Şıxəkəran ərazi partiya təşkilatının sədri Asif Əsədzadə deyib:- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qarşısında yeni inkişaf imkanları açır. Belə bir vaxtda partiya üzvləri qurultayda qarşıya qoyulan vəzifələrin mahiyyətini dərindən mənimsəməli, dövlətçilik dəyərlərinin qorunması və təbliği istiqamətində fəal mövqe nümayiş etdirməlidirlər.
YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov çıxışında VIII Qurultayın partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm mərhələ olduğunu bildirib. O, ölkəmizin əldə etdiyi uğurların möhkəm siyasi iradənin, xalq-iqtidar birliyinin və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Natiq xüsusi olaraq vurğulayıb ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını həyata keçirilməsinə öz fəaliyyəti ilə töhfə verməli, cəmiyyətdə milli həmrəyliyin, vətənpərvərlik ruhunun və dövlətə bağlılığın gücləndirilməsinə çalışmalıdır. Eləcə gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə hörmətin və ictimai məsuliyyətin artırılması günün ən vacib məsələlərindən olmalıdır.
“Təhsil müəssisələri gənc nəslin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Müasir təhsil yalnız bilik və bacarıqların aşılanması ilə məhdudlaşmamalı, eyni zamanda şagirdlərdə milli kimliyə bağlılıq, dövlətçilik düşüncəsi və cəmiyyət qarşısında məsuliyyət hissi formalaşdırmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Gənclərin savadlı, fəal və vətənpərvər vətəndaşlar kimi yetişməsi Azərbaycanın gələcəyi üçün əsas şərtlərdən biridir”. Bu fikirləri Şıxəkəran kənd tam orta məktəbinin direktoru Elnur Kərimov bildirib.
Söz YAP fəalı Adilə Cavadova veriləndə o, deyib:- Partiyanın VIII Qurultayında səsləndirilən çağırışlar gündəlik fəaliyyət üçün mühüm istiqamət müəyyən edib. Partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı, əhali arasında maarifləndirmə işlərinin aparılması və dövlətin həyata keçirdiyi siyasətin mahiyyətinin düzgün izah edilməsi olduqca vacibdir. Partiyanın nüfuzunun daha da möhkəmlənməsi hər bir üzvün məsuliyyətli davranışından, təşəbbüskarlığından və fəaliyyətində nümayiş etdirdiyi nümunədən asılıdır.
Digər YAP fəalı Günel Eyvazova çıxışında milli-mənəvi dəyərlərin qorunması, ailə və cəmiyyət münasibətlərində sağlam prinsiplərin təşviqi, eləcə də gənclərin ictimai fəallığının artırılması məsələlərinə toxunub. O bildirib ki, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi hər kəsin üzərinə düşən mühüm vəzifə olmalıdır, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, onların bilik və bacarıqlarının inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin davamlı tərəqqisinə xidmət edir.
YAP fəalı Sadiq Quliyev isə çıxışında bildirib ki, qurultayda müəyyən edilən vəzifələrin uğurla həyata keçirilməsi üçün birlik, həmrəylik və ardıcıl fəaliyyət olmalıdır. Partiya üzvləri fəaliyyət göstərdikləri kollektivlərdə fəallıqları, məsuliyyətli mövqeləri və cəmiyyətə faydalı təşəbbüsləri hesabına seçilməli, ölkənin qazandığı nailiyyətlərinin qorunması və yeni uğurların əldə olunması üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
Görüş çərçivəsində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyən edilmiş strateji hədəflər, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetləri, dövlətçilik ideologiyasının təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və milli həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qeyd olunub ki, qurultayda qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsi hər bir partiya üzvünün fəallığından, məsuliyyətindən və ümumi məqsədlərə verdiyi töhfədən asılıdır. Dövlətə sədaqət, milli maraqların qorunması və cəmiyyətin inkişafına xidmət edən təşəbbüslərin dəstəklənməsi ölkəmizi yalnız uğurlu gələcəyə aparır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü