Coğrafi mövqe bir bölgənin taleyini müəyyən edən əsas amillərdən biridir. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, Araz çayı boyunca, İran və Ermənistanla sərhəddə yerləşir. Bu mövqe onu tarix boyu ticarət yollarının keçdiyi strateji məntəqəyə çevirib. Bu gün isə, işğaldan azad edildikdən sonra, Zəngilan yenidən regionun mühüm nəqliyyat qovşağına çevrilir. Burada quru, dəmir yolu və hava nəqliyyatı bir araya gəlir, Azərbaycanın əsas hissəsini Naxçıvanla, Türkiyə ilə və Avropa ilə birləşdirəcək marşrutlar formalaşır.
Zəngilanın nəqliyyat infrastrukturunun simvolu Zəngilan Beynəlxalq Hava Limanıdır. Hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub, cəmi bir il yarım sonra – 2022-ci il oktyabrın 20-də, Zəngilanın azadlıq günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Bu, Şərqi Zəngəzur iqtisadi rayonunda inşa olunan ilk, azad edilmiş ərazilərdə isə Füzulidən sonra ikinci hava limanıdır. Limana beynəlxalq status verilib. Hava limanı bölgənin turizm, iş və humanitar əlaqələrinin inkişafında, Şərqi Zəngəzurun ölkənin və dünyanın digər mərkəzləri ilə sürətli əlaqəsinin təmin edilməsində mühüm rol oynayır.
Zəngilanın quru nəqliyyat şəbəkəsinin əsasını Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu təşkil edir. Bu yolun təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Təxminən 124 kilometr uzunluğunda olan magistral birinci texniki dərəcəyə uyğun, dörd və altı hərəkət zolaqlı inşa edilir. Yol boyunca ümumi uzunluğu təxminən 12 kilometr olan üç tunel, 24 körpü, yol ötürücüləri və yüzlərlə süni qurğu tikilir. Bu magistral Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil hissəsidir. Bundan əlavə, 2021-ci il aprelin 26-da təməli qoyulan Zəngilan–Horadiz avtomobil yolu da rayonun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir.
Avtomobil yolu ilə paralel olaraq Horadiz–Ağbənd dəmir yolu xətti inşa olunur. Təxminən 110 kilometr uzunluğunda olan bu xəttin üzərində Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyaları yer alır. Xəttin ikinci mərhələsində uzunluğu 771 metr olan, ölkəmizin ən uzun dəmir yolu körpüsü tikilir. Dəmir yolunun birinci mərhələsi üzrə Araz Sənaye Parkına yük daşımaları artıq başlayıb. Qeyd etmək lazımdır ki, sovet dövründə Bakını Mincivan vasitəsilə Naxçıvanla birləşdirən dəmir yolu əlaqəsi işğal nəticəsində kəsilmiş, Zəngilan ərazisindən keçən xətt tamamilə dağıdılmışdı. Yeni xətt bu tarixi əlaqənin müasir standartlarda bərpası deməkdir.
Hər iki xəttin son nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsidir. Buradan Zəngəzur dəhlizi Ermənistan ərazisi vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə uzanacaq. Dəhlizin açılmasının hüquqi əsası 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində öz əksini tapıb. Sonrakı dövrdə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində bu marşrut beynəlxalq səviyyədə TRIPP – “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adı ilə tanınmağa başlayıb. Layihənin reallaşması ilə Orta Dəhliz vasitəsilə əlavə olaraq ildə 15 milyon ton yükün daşınması gözlənilir. Bu isə Azərbaycanın tranzit gəlirlərini artıracaq, ölkəmizi regionun logistika mərkəzinə çevirəcək.
Zəngilanın nəqliyyat potensialı yalnız Zəngəzur dəhlizi ilə məhdudlaşmır. Araz dəhlizi çərçivəsində Ağbənd ilə İranın Kəlalə məntəqəsi arasında Araz çayı üzərində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşasına 2023-cü il oktyabrın 6-da başlanılıb. Bu marşrut Şərqi Zəngəzuru İran ərazisi vasitəsilə Naxçıvanla birləşdirən alternativ yol rolunu oynayacaq. Keçid məntəqəsinin gündə 1100-dən çox nəqliyyat vasitəsinə xidmət göstərəcəyi nəzərdə tutulur.
Nəqliyyat infrastrukturu Zəngilanın daxili inkişafı üçün də həlledici əhəmiyyət daşıyır. 2024-cü il mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub. Yeni yollar Ağalı və Məmmədbəyli kimi yenidən qurulan kəndləri rayon mərkəzinə bağlayır, qayıdan sakinlərin gündəlik həyatını asanlaşdırır, kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasını sürətləndirir. Dəmir yolu və avtomobil yolları Zəngilanda yaradılan aqrar və sənaye müəssisələri üçün əlverişli logistika imkanları yaradır, bu da öz növbəsində yeni iş yerlərinin açılmasına səbəb olur.
Beləliklə, Zəngilan bu gün yalnız tarixi yurd yeri deyil, həm də gələcəyin tranzit mərkəzidir. Hava limanı, magistral avtomobil yolu, dəmir yolu və sərhəd keçid məntəqələri Zəngilanı Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm halqaya çevirir. Bu layihələr Cənubi Qafqazda yeni iqtisadi reallıq formalaşdırır, region ölkələri arasında əməkdaşlığa, sülhə və rifaha yol açır. Zəngilanın yolları bu gün həm də qalib Azərbaycanın gələcəyə açılan yollarıdır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini