PDF Oxu

Siyasət

  • 605

Zəngilanda dağıdılmış tarixi və dini memarlıq abidələri: erməni vandalizminin daş yaddaşı

Zəngilanda dağıdılmış tarixi və dini memarlıq abidələri: erməni vandalizminin daş yaddaşı

Hər bir xalqın tarixi təkcə kitablarda deyil, həm də torpağın üzərində ucalan abidələrdə yaşayır. Qalalar, türbələr, məscidlər, körpülər və ziyarətgahlar nəsillərin yaddaşını daşıyan, keçmişi bu günə bağlayan daş salnamələrdir. Zəngilan rayonu bu baxımdan Azərbaycanın ən zəngin bölgələrindən biridir. Burada eramızdan əvvəlki dövrlərdən XIX əsrədək uzanan geniş bir tarixi mərhələni əks etdirən onlarla abidə mövcud olub. Təəssüf ki, 1993-cü ildən 2020-ci ilədək davam edən 27 illik işğal dövründə bu abidələrin böyük əksəriyyəti erməni vandalizminin hədəfinə çevrildi.
Zəngilanın ən qədim abidələri sırasında Quyudərə Xəştab kəndindəki eramızdan əvvəl VI–IV əsrlərə aid nekropol və Yeməzli kəndindəki eramızdan əvvəl IV–II əsrlərə aid küp qəbirlər xüsusi yer tutur. Bu arxeoloji abidələr bölgədə qədim zamanlardan oturaq həyatın, inkişaf etmiş dəfn mədəniyyətinin və maddi mədəniyyətin mövcudluğunu sübut edir. Ağ oyuq düzündəki VII–VIII əsrlərə aid Koroğlu daşı isə erkən orta əsrlərin yadigarıdır.
Orta əsr memarlığı Zəngilanda xüsusilə zəngin şəkildə təmsil olunub. Şərifan kəndindəki IX–XVI əsrlərə aid Şərifan abidələri, XII əsrə aid Şərifan sərdabəsi, Hacallı kəndi yaxınlığındakı Şəhri Şərifan yaşayış yeri, Qumlaq kəndindəki Ağca Aşıq yaşayış yeri bölgənin orta əsrlərdə canlı şəhər və kənd həyatına malik olduğunu göstərir. Müdafiə memarlığının nümunələri olan Qumlaq kəndindəki Qız qalası, Oxçuçay vadisindəki Qəsr qalası və Bartaz kəndindəki XIV əsrə aid Bartaz Qız qalası Zəngilanın tarix boyu strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Şərikan kəndindəki XIII əsr və Yenikənd kəndindəki XIV əsr sərdabələri, Hacallı kəndindəki XIV əsrə aid dairəvi bürc və Məmmədbəyli kəndindəki XIV əsrə aid Hacallı qülləsi də bu irsin ayrılmaz hissəsidir.
Zəngilanın mühəndislik abidələri – Sobu kəndindəki XVI əsrə aid Tağlı körpüsü və Hacallı kəndindəki XIX əsrə aid körpü qədim ticarət yollarının bu torpaqlardan keçdiyini, burada karvan ticarətinin canlı olduğunu xatırladır. Bu körpülər həm də orta əsr Azərbaycan ustalarının yüksək inşaat bacarığının göstəricisidir.
Zəngilanın memarlıq incilərindən biri də Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsidir. XIV əsrə aid səkkizguşəli türbə Azərbaycan türbə memarlığının parlaq nümunələrindən sayılır. Elə həmin kənddə Məmməd bəyin türbəsi də yerləşir. Bu abidələr Məmmədbəyli kəndini açıq səma altında bir muzeyə çevirir.
Dini abidələr işğalçıların xüsusi qəzəbinə tuş gəlmişdi. XVII əsrə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki XIX əsr məscidləri dağıdıldı, təhqir edildi. İşğal dövründə bir çox məscid tövləyə çevrilmiş, divarları təhqiredici yazılarla korlanmışdı. Zəngilan şəhər məscidi də işğalçılar tərəfindən dağıdılmışdı. Maraqlıdır ki, Xanazor və Yeməzli kəndlərindəki alban kilsələri bölgənin qədim xristian irsinin də bu torpaqlarda qorunub saxlandığını, Azərbaycan xalqının müxtəlif dinlərə hörmət ənənəsinin dərin köklərə malik olduğunu göstərir.
Zəngilan həm də xalqın əsrlər boyu ziyarət etdiyi müqəddəs məkanlarla zəngin olub. Ağkənd kəndindəki Ziya Baba ocağı, Bartaz kəndindəki Xanazur türbəsi, Bartaz yaxınlığındakı Xanazor piri, Bartaz dağındakı Soltan Heydər piri, Günqışlaq piri, Hacıllı kəndindəki İzzə piri və Hacallı günbəzi, Leyfaz kəndindəki Buqakar piri, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis kəndindəki Veysin piri, Sobu kəndindəki Seyid Musa ocağı, Şəfibəyli kəndindəki Qaradağlı piri, Vejnəli kəndindəki Yal və Yel pirləri, Yeməzli kəndindəki Soltan ocağı və Şəhid Məhəmməd yeri, Zəngilan şəhərindəki Dəvəcüneyt piri xalqın mənəvi həyatının mərkəzləri idi. İşğal illərində bu ziyarətgahların bir çoxu yerlə-yeksan edildi.
Mədəni irsə qarşı törədilən bu cinayətlər 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Abidələrin dağıdılması, daşlarının söküb aparılması, qəbiristanlıqların təhqir edilməsi, arxeoloji abidələrdə qanunsuz qazıntıların aparılması Ermənistanın bu torpaqlarda Azərbaycan izini silmək məqsədi daşıyan mədəni soyqırımı siyasətinin tərkib hissəsi idi.
Zəngilanın azad edilməsindən sonra abidələrin vəziyyəti mütəxəssislər tərəfindən araşdırılır, sənədləşdirilir və vandalizm faktları beynəlxalq ictimaiyyətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunan Zəngilan şəhər məscidinin 2024-cü il mayın 18-də açılması dini irsin bərpası istiqamətində atılan ən mühüm addımlardan biri oldu. Gələcəkdə Zəngilanın tarixi abidələrinin bərpası həm milli yaddaşın qorunmasına, həm də bölgədə mədəni turizmin inkişafına xidmət edəcək. Çünki heç bir vandalizm Zəngilanın Azərbaycan tarixi ilə min illik bağlılığını silə bilməz.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi

Digər xəbərlər