2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin mühüm göstəricisidir. Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin xarici siyasət prioritetlərini, beynəlxalq hüquqa münasibətini və Asiya məkanında əməkdaşlığın gücləndirilməsinə dair baxışlarını bir daha nümayiş etdirdi.
Hesab edirəm ki, belə mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin yalnız regional deyil, həm də qlobal miqyasda əhəmiyyətli tərəfdaş kimi qəbul olunduğunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və müstəqil xarici siyasət Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlər qurmasına zəmin yaradır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya ilə Avropanın qovşağında yerləşməsinin yaratdığı strateji imkanlara toxunaraq ölkəmizin Avrasiya məkanında mühüm əlaqələndirici rolunu vurğuladı. Siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın həm regional sabitliyə, həm də qlobal iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəni artırır. Bu baxımdan, ölkəmizin əlverişli coğrafi mövqeyi ilə yanaşı, məqsədyönlü dövlət siyasəti də xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının çıxışında beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsipinə diqqət yetirilməsi son dərəcə vacibdir. Prezident İlham Əliyev Azərbaycanın uzun illər üzləşdiyi ikili standartlara münasibətini ifadə etməklə beynəlxalq münasibətlərdə hüququn aliliyinin və qəbul edilən qərarların icrasının vacibliyini bir daha gündəmə gətirdi. Beynəlxalq təşkilatların qərar və qətnamələrinin kağız üzərində qalmaması, bütün dövlətlərə eyni hüquqi yanaşmanın tətbiq edilməsi davamlı sülhün və ədalətli beynəlxalq nizamın əsas şərtlərindəndir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dövlətimizin gücünü, xalqımızın iradəsini və milli birliyini nümayiş etdirən tarixi hadisədir. Prezident İlham Əliyevin çıxışında bu məsələyə geniş yer ayırması münaqişələrin həllində beynəlxalq hüququn real mexanizmlərinin nə qədər vacib olduğunu göstərir. Eyni zamanda, Azərbaycanın müharibədən sonra sülh gündəliyini irəli sürməsi ölkəmizin gələcəyə yönəlmiş siyasətinin və regionda sabitliyin möhkəmləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.
Çıxışın diqqətçəkən məqamlarından biri də Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsidir. Nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlıq təşəbbüsləri Asiya dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və ortaq inkişaf imkanlarının yaranmasına xidmət edir.
Zirvə Görüşündə Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi təşkilatın əhatə dairəsinin genişlənməsi və daha inklüziv əməkdaşlıq platformasına çevrilməsi baxımından mühüm hadisə oldu. Bundan əlavə, Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması barədə üzv dövlətlərin qərarı ölkəmizə göstərilən etimadın və Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətin ifadəsidir. Bu qərar qarşıdakı dövrdə də Azərbaycanın regional dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını daha da genişləndirir.
Müasir dünyada geosiyasi gərginliklərin, təhlükəsizlik çağırışlarının və iqtisadi qeyri-müəyyənliyin artdığı bir şəraitdə dövlətlər arasında etimadın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, AQEM kimi beynəlxalq platformaların fəaliyyəti dialoqun davam etdirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və problemlərin sülh yolu ilə həlli üçün mühüm imkanlar yaradır. Azərbaycanın bu prosesdə fəal iştirakı və təşkilata sədrliyi ölkəmizin beynəlxalq məsuliyyətini və əməkdaşlığa verdiyi önəmi əks etdirir.
İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirəcək. Bakı Zirvəsi ölkəmizin diplomatik uğurlarının, müstəqil siyasətinin və sülhə əsaslanan təşəbbüslərinin növbəti mühüm göstəricisi kimi yadda qalacaq.
Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, milli maraqlarının qətiyyətlə qorunması və dövlətlərarası əməkdaşlığın inkişafı hər birimiz üçün qürurvericidir. Gənc nəslin nümayəndəsi olaraq hesab edirəm ki, ölkəmizin qazandığı uğurların təbliği, milli dövlətçilik dəyərlərinin qorunması və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi istiqamətində fəal olmaq hər birimizin mənəvi borcu və məsuliyyətidir.
Əfsanə Muradova
YAP Nərimanov Rayon Təşkilatının gənc fəalı