PDF Oxu

Siyasət

  • 656

Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir - ŞƏRH

Zəngilanın azadlığı tarixi Zəfərimizin, dirçəlişi isə milli birliyimizin təntənəsidir - ŞƏRH

Hər il oktyabrın 20-də qeyd olunan Zəngilan Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli qürurumuzu və Vətənə bağlılığımızı təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın əzmini, Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətimizin qüdrətini və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri bir daha böyük fəxarət hissi ilə xatırlayırıq.

Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edildi. Bu tarixi hadisə Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbənin mühüm səhifələrindən biri olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş zəngilanlıların qəlbindəki qayıdış ümidini gerçəyə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə oktyabrın 20-nin Zəngilan Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından xüsusi mənaya malikdir.
Hesab edirəm ki, Zəngilanın azadlığı Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli həmrəyliyinin və torpaqlarımıza olan sonsuz məhəbbətinin parlaq təzahürüdür. Otuz ilə yaxın davam edən işğal dövründə doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıtmaq inamını heç vaxt itirmədilər. Onların qəlbində yaşatdıqları Vətən sevgisi, dövlətimizə olan güvən və tarixi ədalətin bərpa olunacağına inam bu gün Zəngilanın yenidən qurulmasında öz bariz əksini tapır.
Zəngilanın azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin və xalqımızın sarsılmaz birliyinin təntənəsidir. Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq Azərbaycanın şanlı vərəqlərində əbədi yaşayacaq. Bu Qələbə bizə bir daha göstərdi ki, milli məqsədlər ətrafında sıx birləşən xalq və güclü dövlət qarşıya qoyduğu bütün hədəflərə nail olmaq əzmindədir. Bu yolda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla vurğulayırıq.
Bu gün Zəngilanı fərqləndirən əsas məqamlardan biri də şəhər və rayon ərazisində aparılan genişmiqyaslı bərpa və quruculuq işləridir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, sosial obyektlər inşa edilir və əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şərait formalaşdırılır. Zəngilanın inkişafı Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi uzunmüddətli və məqsədyönlü siyasətin strateji istiqamətlərindən biridir.
Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu baxımdan xüsusi diqqətə layiqdir. Müasir texnologiyaların tətbiqinə, sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan bu layihə azad edilmiş ərazilərimizin gələcəyinə dair aydın təsəvvür yaradır. Zəngilanda nəqliyyat, enerji, təhsil, səhiyyə və digər sahələrdə qurulan infrastruktur insanların doğma yurdlarında təhlükəsiz, rahat və firavan həyat sürməsinə xidmət edir.
Böyük Qayıdış prosesi Zəngilanın həyatında yeni mərhələnin başlanğıcıdır. Doğma torpaqlarına qayıdan ailələrin ocağında yenidən həyatın canlanması, uşaqların öz yurdlarında böyüməsi, məktəblərin fəaliyyət göstərməsi və iqtisadi fəallığın artması bizim üçün ən böyük mənəvi qələbələrdəndir. Çünki torpağın həqiqi dirçəlişi yalnız yeni binaların tikilməsi ilə deyil, həmin ərazilərdə həyatın bərpası, insanların məskunlaşması və gələcəyə inamla yaşaması ilə ölçülür.
Zəngilan həm də zəngin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə seçilən diyarımızdır. Bəsitçay Dövlət Təbiət Qoruğundakı nadir çinar meşələri, qədim memarlıq abidələri və rayonun özünəməxsus təbii gözəllikləri bu ərazinin böyük turizm və iqtisadi potensiala malik olduğunu göstərir. Tarixi abidələrimizin qorunması, milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması və təbii sərvətlərimizin mühafizəsi Zəngilanın davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Zəngilan Şəhəri Günü yalnız tarixi Qələbənin qeyd edilməsi deyil, həm də dövlətimiz qarşısında duran quruculuq və inkişaf vəzifələrinin əhəmiyyətini dərk etmək günüdür. Bu əlamətdar tarix gənclərimizə Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik ənənələrinə bağlılıq kimi mühüm keyfiyyətləri aşılayır. Gənc nəslin nümayəndələri olaraq üzərimizə düşən əsas vəzifələrdən biri Azərbaycanın tarixi Zəfərini, azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işlərini və milli birliyimizi yorulmadan təbliğ etməkdir.
Bu gün Zəngilanın simasında biz dağıntılardan dirçəlişə, məcburi köçkünlükdən doğma yurda qayıdışa, həsrətdən ümidə uzanan tarixi yolun şahidi oluruq. Bu yol Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və gələcəyə olan sarsılmaz inamını nümayiş etdirir. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan bundan sonra da sürətlə inkişaf edəcək, müasir və abad yaşayış məkanına çevriləcək, öz tarixi-mədəni kimliyini qoruyaraq ölkəmizin iqtisadi və sosial həyatında mühüm yer tutacaq.
20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə zəngilanlıları ürəkdən təbrik edirəm. Zəngilanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm. Qoy Zəngilanımızda daim quruculuq, inkişaf və firavanlıq hökm sürsün, doğma torpaqlarımıza qayıdan hər bir ailənin ocağında sevinc və xoşbəxtlik əskik olmasın.
Zəngilan bizimdir, Qarabağ və Şərqi Zəngəzur bizimdir! Bu torpaqlarda yüksələn hər bir yeni bina, salınan hər bir yol və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın tarixi Zəfərinin əbədi nişanəsidir.

Əfsanə Muradova
YAP Nərimanov Rayon Təşkilatının gənc fəalı

Digər xəbərlər