Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında müəyyənləşdirilmiş strateji hədəflərin, qəbul edilmiş qərarların və qarşıdakı dövrdə həyata keçiriləcək vəzifələrin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatında görüşlər davam etdirilir. Bu çərçivədə Ağdərə-Sərbəst ərazi partiya təşkilatında partiya üzvləri və fəalların iştirakı ilə görüş keçirilib.
Görüş ilk olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışının siyasi və ideoloji əhəmiyyətindən danışıb. O bildirib ki, qurultayda səsləndirilən fikirlər partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, ölkənin davamlı inkişafı və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azər Ağayev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası qarşıda yeni vəzifələr müəyyənləşdirib. Bu mərhələdə milli həmrəyliyin gücləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və partiyanın ideoloji fəaliyyətinin daha da təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, ərazi partiya təşkilatlarının bu istiqamətlərdə fəallığının artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə çıxış edən ərazi partiya təşkilatının fəalları VIII Qurultayın əhəmiyyəti, partiyanın cəmiyyət həyatındakı rolu və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa dəstək ifadə olunub, milli-mənəvi dəyərlərin təbliğinin, ictimai fəallığın artırılmasının və partiya üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonda bildirilib ki, Ağdərə-Sərbəst ərazi partiya təşkilatının üzvləri YAP-ın müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsi, dövlətçilik ideyalarının təbliği və partiyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəklər.