Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı proqram xarakterli çıxışında səsləndirdiyi bu fikirlər müasir beynəlxalq münasibətlər sisteminin ən ağrılı və həllini gözləyən problemlərindən birinə tutulan dəqiq siyasi işıqdır. Dövlət başçısının vurğuladığı bu prinsipial mövqe Azərbaycanın müstəqil xarici siyasət kursunun, milli ləyaqətinin və qlobal ədalət uğrunda aparılan mübarizəsinin təməl sütununu təşkil edir.
Müasir dünyada sülhün, təhlükəsizliyin və sivilizasiyalararası dialoqun bərqərar olunmasına ən böyük maneə məhz beynəlxalq hüquq normalarının selektiv tətbiqi, yəni ikili standartlar yanaşmasıdır. Bəzi güc mərkəzləri və beynəlxalq təşkilatlar eyni hüquqi norma və prinsipləri öz siyasi, iqtisadi və geosiyasi mənfəətlərinə uyğun olaraq müxtəlif şəkildə yozur və tətbiq edirlər. Bir halda suverenlik və ərazi bütövlüyü prinsipi qeyd-şərtsiz müdafiə edildiyi halda, digər analoji vəziyyətlərdə tamamilə göz ardı edilir, işğalçı ilə işğala məruz qalan tərəf arasında süni bərabərlik işarəsi qoyulur.
Azərbaycan xalqı və dövləti bu ikili standartların acı nəticələrini otuz ilə yaxın bir müddətdə öz üzərində hiss etmişdir. BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin onilliklər boyu kağız üzerinde qalması, təcavüzkar dövlətə qarşı heç bir beynəlxalq sanksiyanın tətbiq edilməməsi məhz bu riyakar yanaşmanın bariz nümunəsi idi. Lakin Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu ədalətsizliyə və təzyiqlərə heç vaxt boyun əymədi. Ölkəmiz həm diplomatiya müstəvisində, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına bərpa edərək ikili standartlar siyasətinə ən tutarlı cavabı verdi.
İkili standartlara qarşı mübarizə aparmaq yalnız keçmişin təcrübəsi deyil, Azərbaycanın bu gün də, gələcəkdə də sadiq qalacağı barışmaz mövqedir. Postmünaqişə dövründə də regionda dayanıqlı sülhün bərqərar olunması, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində atılan addımlar fonunda bəzi qərəzli dairələrin ölkəmizə qarşı yürütdüyü qarayaxma kampaniyaları, siyasi təzyiq cəhdləri məhz həmin ikili standartlar siyasətinin davamıdır. Dövlət başçısı bu bəyanatı ilə bir daha bütöv dünyaya bəyan etdi ki, heç bir kənar təzyiq, diktə və ya qərəzli yanaşma Azərbaycanı öz haqq yolundan, milli maraqlarını qətiyyətlə qorumaq əzmindən dönərə bilməz.
Eyni zamanda, bu fikir yalnız Azərbaycanın daxili və regional məsələləri ilə məhdudlaşmır, qlobal miqyasda daha ədalətli dünya nizamının qurulmasına xidmət edən ümumbəşəri çağırışdır. Mədəniyyətlərarası Dialoq Forumu kimi möhtəşəm platformada bu mesajın verilməsi xüsusi rəmzi məna daşıyır. Çünki həqiqi dialoq, qarşılıqlı etimad və "ortaq gələcək" yalnız və yalnız bərabərhüquqlu tərəfdaşlıq, səmimiyyət və ikili standartlardan imtina edildiyi təqdirdə mümkündür. Selektiv ədalətin hökm sürdüyü bir dünyada nə sivilizasiyalararası səmimi dialoqdan, nə də qlobal həmrəylikdən bəhs etmək olar. Azərbaycan Şərq və Qərb, Şimal və Cənub arasında körpü rolu oynayaraq, Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə olduğu kimi, hər zaman ədalətsizliklə üzləşən, səsi batırılmaq istənən xalqların və inkişaf etməkdə olan ölkələrin haqq səsini ucaltmışdır.
Yekun olaraq, Prezident İlham Əliyevin “Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq” bəyanatı Azərbaycanın xarici siyasətinin ləyaqət, ədalət və prinsipiallıq üzərində qurulduğunu bir daha təsdiq edir. Bu sözlər Azərbaycan dövlətinin həm regional, həm də qlobal müstəvidə hüququn aliliyini, siyasi dürüstlüyü və milli suverenliyi hər şeydən uca tutduğunun manifestidir.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri