Növbəti görüş Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazi partiya təşkilatında keçirilib. Tədbirdə ərazi partiya təşkilatının sədri, məktəbin direktoru Vəsilə Cəfərova və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri, məktəbin direktoru Vəsilə Cəfərova, məktəbin müəllimələri Günay Şükürova, Kəmalə Hacıyeva, Şahin Mürsəlov, Nısumi Şükürov və digərləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi tarixi və proqram xarakterli çıxışın əhəmiyyətindən danışıblar. Bildiriblər ki, dövlət suverenliyimizin tam bərpa olunmasından və doğma Kəlbəcərdə həyatın yenidən canlanmasından sonra bu çıxışı azad Kəlbəcərdə dinləmək hər bir partiya üzvündə qürur və fəxarət hissi doğurur.
Qeyd olunub ki, Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yol, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın qələbələrə və davamlı inkişafa aparan yolu mühüm yer tutub.
Tədbirdə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfərləri zamanı yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin və infrastruktur obyektlərinin tikintisi ilə tanışlıq, təməlqoyma və açılış mərasimlərində iştirak, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə mənzillərin açarlarının təqdim edilməsi Böyük Qayıdış prosesinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir.
Çıxışlarda vurğulanıb ki, azad Kəlbəcərdə fəaliyyət göstərən təhsil müəssisələrinin qarşısında gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunması xüsusi məsuliyyət yaradır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən vəzifələrin təhsil mühitində təbliği, gənclərin ideoloji maarifləndirilməsi və Böyük Qayıdış proqramına töhfə verilməsi mühüm əhəmiyyət daşıyır.
Görüşün sonunda partiya fəalları Prezident İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və doğma Kəlbəcərin inkişafına töhfə vermək istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.