PDF Oxu

Siyasət

  • 561

Azərbaycan multikulturalizm, milli birlik və beynəlxalq dialoq məkanıdır - ŞƏRH

Azərbaycan multikulturalizm, milli birlik və beynəlxalq dialoq məkanıdır - ŞƏRH

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edərək mədəniyyətlərarası münasibətlərin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm fikirlər səsləndirib.

Dövlət başçısı qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün səmərəli və əhatəli platformaya çevrilib. Müxtəlif ölkələrdən çoxsaylı nümayəndələrin iştirakı tədbirin beynəlxalq əhəmiyyətini və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə olan ehtiyacı göstərir.

Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu xalqlar, dinlər və mədəniyyətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. Multikulturalizm, dini və etnik dözümlülük xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın sabit və davamlı inkişafının əsas amillərindən biri cəmiyyətdə mövcud olan birlik və həmrəylikdir. Ölkəmizdə müxtəlif etnik və dini qrupların nümayəndələri bərabər hüquqlara malikdir, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayırlar. Bu mühit milli birliyin qorunmasına və ictimai sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Çıxışda azərbaycançılıq ideyasının xalqımızı vahid məqsədlər ətrafında birləşdirən mühüm amil olduğu diqqətə çatdırılıb. Azərbaycan xalqı tarixinin müxtəlif dövrlərində qarşılaşdığı çətinliklərə baxmayaraq, milli kimliyini, dilini, adət-ənənələrini və mənəvi dəyərlərini qoruyub saxlayıb. Müstəqilliyin bərpası isə ölkəmizə öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək imkanı verib.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından da bəhs edib. 2020-ci il Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində təmin olunub. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ədalətin bərpasının əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlət başçısı müharibədən sonra Ermənistanla sülh münasibətlərinin qurulması istiqamətində atılan addımlara toxunaraq bildirib ki, münaqişələrin başa çatdırılması və davamlı sülhün təmin edilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaradılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və regionun gələcək inkişafına yönəlib.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının, dövlətlərin suverenliyinə hörmətlə yanaşılmasının və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasının vacibliyini bildirib. Dövlətlər arasında bərabərhüquqlu münasibətlərin qurulması, qarşılıqlı hörmət prinsiplərinin qorunması və problemlərin dialoq yolu ilə həlli beynəlxalq sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər Azərbaycanın multikulturalizm siyasətinə, milli birliyə və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha ön plana çıxarıb. Forum müxtəlif xalqların nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası anlaşmanın genişləndirilməsinə, ortaq dəyərlərin qorunmasına və sülh şəraitində birgəyaşayışın təşviqinə töhfə verir.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər