2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal dialoq məkanına çevrilməsinin növbəti təsdiqi oldu. Müxtəlif ölkələri, xalqları, dinləri və mədəniyyətləri təmsil edən nümayəndələri bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın dünyada sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqinə verdiyi töhfəni nümayiş etdirdi.
Forumun açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir dünyanın mürəkkəb çağırışları fonunda Azərbaycanın siyasi mövqeyini, mənəvi dəyərlərini və gələcəyə baxışını aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı çıxışında Forumun beynəlxalq miqyasına xüsusi diqqət çəkərək tədbirə dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin qatılmasının əhəmiyyətini vurğuladı. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu platformanın ötən illər ərzində nüfuzlu beynəlxalq tədbirə çevrilməsi ölkəmizin ardıcıl səylərinin nəticəsidir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi multikulturalizm ənənələri xüsusi yer tutdu. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Xalqımız tarixən dini və etnik dözümlülüyü, qarşılıqlı hörməti, həmrəyliyi və birgəyaşayış ənənələrini qoruyub saxlayıb. Bu gün həmin dəyərlər dövlət siyasətimizin mühüm istiqamətlərindən birini təşkil edir.
Ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması Azərbaycanın ən böyük mənəvi sərvətlərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib, tolerantlıq və dini həmrəylik Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyətinə çevrilib.
Bu birliyin ən parlaq təzahürlərindən biri Vətən müharibəsində özünü göstərdi. Müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının vahid amal ətrafında birləşməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəsi xalqımızın milli həmrəyliyinin gücünü nümayiş etdirdi. “Dəmir yumruq” rəmzi məhz bu birliyin, qətiyyətin və milli iradənin ifadəsinə çevrildi.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqillik dövründə qazandığı uğurlar da diqqət mərkəzində oldu. Dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan bu gün regionun güclü dövlətlərindən birinə, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilib.
Dövlət başçısının beynəlxalq əməkdaşlıqla bağlı mövqeyində diqqət çəkən əsas məqamlardan biri divarların deyil, körpülərin qurulması ideyasıdır. Bu yanaşma Azərbaycanın xarici siyasətinin mahiyyətini ifadə edir. Ölkəmiz qarşıdurma əvəzinə əməkdaşlığı, ayrı-seçkilik əvəzinə bərabərliyi, təcrid əvəzinə qarşılıqlı anlaşmanı dəstəkləyir.
Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək olması ölkəmizə göstərilən beynəlxalq etimadın mühüm göstəricisidir. Bu faktlar Azərbaycanın fərqli siyasi və mədəni məkanlar arasında dialoq yaratmaq imkanlarının genişliyini təsdiqləyir.
Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prinsipial və praqmatik siyasətin nəticəsidir. Azərbaycan bu gün yalnız öz milli maraqlarını qoruyan dövlət deyil, həm də müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və siyasi baxışların yaxınlaşmasına töhfə verən mühüm beynəlxalq platformadır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mesajı bir daha təsdiqlədi ki, bəşəriyyətin gələcəyi qarşılıqlı hörmət, etimad və əməkdaşlıq üzərində qurulmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu istiqamətdə öz nümunəsini ortaya qoyur. Bakı isə fərqli dünyaların görüşdüyü, dialoqun və anlaşmanın təşviq edildiyi mühüm beynəlxalq mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri