Qanun layihəsinin 3.3-cü maddəsində “standartlar” sözünün “keyfiyyət göstəriciləri” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Lakin Azərbaycan dilinin leksik fondunda və orfoqrafiya lüğətində “standart” və “keyfiyyət göstəricisi” anlayışları sinonim hesab edilmir. Standart fəaliyyətin norma və tələblərini, keyfiyyət göstəricisi isə xidmətin keyfiyyət səviyyəsini müəyyənləşdirir.SİA xəbər verir ki, bu fikirləri deputat Hikmət Babaoğlu Milli Məclisin növbəti plenar iclasında çıxışı zamanı bildirib.O qeyd edib ki, bu baxımdan qanunvericilikdə hər iki anlayışın saxlanılması daha məqsədəuyğun olardı. Yəni yalnız “keyfiyyət göstəriciləri” deyil, “standartlar və keyfiyyət göstəriciləri” ifadəsindən istifadə edilməlidir.Hikmət Babaoğlu digər təklifinin qanunun 33-cü maddəsi ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, həmin maddədə operatorların vəzifələri göstərilsə də, keyfiyyətli xidmətin təmin edilməsi baxımından provayderlərin vəzifələri nəzərdə tutulmur. Halbuki həm operatorlar, həm də provayderlər göstərdikləri xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyırlar.Deputat hesab edir ki, maddədə “operatorların və provayderlərin aşağıdakı vəzifələri vardır” ifadəsinin işlədilməsi və hər iki subyektin məsuliyyətinin eyni qaydada müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı.
Müəllif: Günay Hacıyeva