Müasir dünyada dövlətlərin beynəlxalq mövqeyi yalnız onların iqtisadi və hərbi potensialı, coğrafi mövqeyi və malik olduqları təbii resurslarla müəyyən edilmir. Qlobal münasibətlərin mürəkkəbləşdiyi, geosiyasi rəqabətin gücləndiyi, müxtəlif regionlarda münaqişələrin və qarşıdurmaların dərinləşdiyi bir dövrdə dövlətin etibarlı tərəfdaş kimi qəbul edilməsi, beynəlxalq əməkdaşlığa verdiyi töhfə və fərqli mədəniyyətlər arasında dialoq yaratmaq bacarığı da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi “Özümüzü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bilmişik” fikri Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun və beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin mahiyyətini ifadə edir.
Bu fikrin əhəmiyyəti ondadır ki, burada söhbət yalnız Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən və müxtəlif ölkələrlə diplomatik əlaqələr qurmasından getmir. Əsas məsələ ölkəmizin müstəqil siyasi iradəyə malik, öz milli maraqlarını müdafiə edən, eyni zamanda beynəlxalq əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdən dövlət kimi qəbul edilməsidir. Etibarlılıq uzun müddət ərzində formalaşan siyasi nüfuzun nəticəsidir. Bu nüfuz isə dövlətin verdiyi vədlərə sadiqliyi, tərəfdaşları ilə münasibətlərində ardıcıllığı, beynəlxalq proseslərdə məsuliyyətli mövqeyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyəti ilə ölçülür.
Prezident İlham Əliyevin forumdakı çıxışında Azərbaycanın beynəlxalq mövqeyini konkret faktlarla əsaslandırması da diqqətəlayiqdir. Çin və ABŞ kimi iki böyük dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, Avropa İttifaqının on üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda artan rolu ölkəmizin xarici siyasətinin çoxşaxəli xarakterini nümayiş etdirir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi və ölkəmizin bu təşkilata sədrlik edəcək olması, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşünə Bakının ev sahibliyi etməsi beynəlxalq etimadın mühüm göstəriciləridir. Bu faktlar Azərbaycanın fərqli siyasi və mədəni platformalarda əməkdaşlıq imkanlarına malik olduğunu göstərir.
Burada mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq münasibətlərdə özünü hər hansı bir siyasi mərkəzin təsir dairəsində deyil, müstəqil qərar qəbul edən dövlət kimi təqdim etməsidir. Müasir dünyada dövlətlərin xarici siyasət seçimləri bəzən ciddi geosiyasi təzyiqlərlə müşayiət olunur. Belə şəraitdə milli maraqları qorumaqla müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurmaq xüsusi siyasi bacarıq tələb edir. Azərbaycanın Çin, ABŞ, Avropa dövlətləri, İslam dünyası və Mərkəzi Asiya ölkələri ilə münasibətləri bu baxımdan çoxşaxəli xarici siyasət modelinin nümunəsidir. Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq imkanları genişləndirilərkən dövlət suverenliyi və milli maraqlar prioritet olaraq saxlanılır.
Prezidentin çıxışında diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından artan roludur. Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin başa çatması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda yeni siyasi reallıqlar yaradıb. Ölkəmizin müharibədən sonrakı mərhələdə sülh təşəbbüsü ilə çıxış etməsi və Ermənistanla münasibətlərin normallaşdırılmasına yönəlmiş addımları da bu reallıqların mühüm tərkib hissəsidir. Davamlı sülhün təmin olunması yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi üçün əhəmiyyətlidir.
Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdən biri də onun enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaş kimi çıxış etməsidir. Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun genişlənməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına yatırılan sərmayələr Azərbaycanın strateji əhəmiyyətini artırır. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, alternativ marşrutların aktuallaşdığı bir dövrdə Azərbaycan coğrafi mövqeyini müasir infrastruktur və fəal diplomatik münasibətlərlə birləşdirərək mühüm tranzit və logistika mərkəzinə çevrilməkdədir. Bu isə ölkəmizin beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini yalnız siyasi deyil, həm də iqtisadi baxımdan gücləndirir.
Bununla belə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti Azərbaycanın beynəlxalq mövqeyinin digər mühüm tərəfi – multikulturalizm və sivilizasiyalararası əməkdaşlıq siyasəti ilə bağlıdır. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi ötən illər ərzində fərqli dinlərin, mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Artıq yeddinci dəfə təşkil olunan forumun 15 illik inkişaf yolu bu təşəbbüsün davamlılığını və beynəlxalq əhəmiyyətini təsdiqləyir.
“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilən builki forumun əsas mesajı müasir dünyanın üzləşdiyi problemlərin qarşılıqlı anlaşma və əməkdaşlıq olmadan həllinin mümkün olmamasıdır. Oktyabrın 27-dən 29-dək davam edən tədbirdə 100-dən çox ölkədən 500-dən artıq xarici qonağın, ümumilikdə isə 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi forumun beynəlxalq miqyasını nümayiş etdirir. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, UN Tourism və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir mədəniyyətlərarası dialoqun qlobal gündəmdəki yerini bir daha ön plana çıxarır.
Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların, ksenofobiyanın, ayrı-seçkiliyin və dözümsüzlüyün artması mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da yüksəldir. İnformasiya texnologiyalarının inkişafı və qloballaşma xalqları bir-birinə yaxınlaşdırsa da, bu proses avtomatik olaraq qarşılıqlı anlaşma yaratmır. Əksinə, yanlış təsəvvürlər, stereotiplər və siyasi manipulyasiyalar bəzən cəmiyyətlər arasında yeni gərginlik mənbələrinə çevrilir. Belə bir şəraitdə dialoq yalnız mədəni tədbir və ya diplomatik görüş deyil, həm də qlobal təhlükəsizliyin, qarşılıqlı etimadın və davamlı inkişafın vacib şərtidir.
Azərbaycanın bu məsələdə üstünlüyü onun coğrafi və tarixi mövqeyi ilə yanaşı, əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə malik olmasıdır. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların təmas məkanı olub. Bu xüsusiyyət Azərbaycan cəmiyyətinin sosial-mədəni həyatında da öz əksini tapıb. Müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik və vətəndaşlıq dəyərləri ətrafında birləşməsi milli həmrəyliyin mühüm əsaslarından biridir. Multikulturalizm Azərbaycanda yalnız beynəlxalq auditoriyaya təqdim edilən siyasi konsepsiya deyil, həm də cəmiyyətin tarixi təcrübəsindən qaynaqlanan dəyər kimi çıxış edir.
Forumun Bakıda keçirilməsi məhz bu təcrübənin beynəlxalq müzakirələrə təqdim olunması baxımından əhəmiyyətlidir. Azərbaycan fərqli mövqelərə malik dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrini eyni platformada bir araya gətirməklə dialoqun real əməkdaşlığa çevrilməsi üçün şərait yaradır. Bu, ölkəmizin beynəlxalq siyasətdə yalnız prosesləri izləyən deyil, həm də təşəbbüslər irəli sürən və qlobal gündəliyin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini möhkəmləndirir.
Əlbəttə, mədəniyyətlərarası dialoqun əsl nəticəsi yalnız keçirilən forumların sayı və iştirakçıların coğrafiyası ilə ölçülməməlidir. Əsas məsələ müzakirələrin konkret əməkdaşlıq mexanizmlərinə, qarşılıqlı hörmətə və real qərarlara çevrilməsidir. Müxtəlif mədəniyyətlər arasında anlaşmanın qorunması üçün beynəlxalq təşkilatların, dövlətlərin, təhsil və elm müəssisələrinin, vətəndaş cəmiyyətinin birgə fəaliyyəti vacibdir. Azərbaycan tərəfindən irəli sürülən Bakı Prosesi də məhz bu istiqamətdə davamlı beynəlxalq əməkdaşlıq platformasının formalaşdırılmasına xidmət edir.
Qlobal qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycan özünü dialoq, sabitlik və əməkdaşlıq məkanı kimi təqdim etməklə beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Əsas məsələ əldə edilmiş etimadı qorumaq, beynəlxalq təşəbbüsləri davam etdirmək və ölkəmizin artan siyasi-iqtisadi potensialını regional və qlobal inkişafın xidmətinə yönəltməkdir. Azərbaycanın qarşısında duran yeni mərhələnin başlıca hədəflərindən biri də məhz qazandığı beynəlxalq nüfuzu davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa çevirməkdir.
Cəlal Həsənli
YAP Culfa rayon təşkilatının sədr müavini