PDF Oxu

Siyasət

  • 1 277

"Böyük Qayıdış Azərbaycanın demoqrafik və iqtisadi inkişafına yeni imkanlar açır" - POLİTOLOQ

"Böyük Qayıdış Azərbaycanın demoqrafik və iqtisadi inkişafına yeni imkanlar açır" - POLİTOLOQ

"Böyük Qayıdış məsələsi son dərəcə vacib və Azərbaycanın qarşısında duran əsas strateji məsələlərdən biridir. Artıq 50 mindən çox insan doğma yurdlarına qayıdıb, lakin hələ də milyonlarla insan bu qayıdışı gözləyir. Bu, kifayət qədər ciddi və mürəkkəb məsələdir. Təəssüf ki, hazırda bütün yük Azərbaycan dövlətinin üzərinə düşür".Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.Siyasətçinin sözlərinə görə, torpaqların viran qalmasında rolu olan ölkələrin, xüsusilə Ermənistanın və Rusiyanın da bu prosesə maliyyə dəstəyi göstərməsi, bərpa işlərində iştirak etməsi yaxşı olardı. Burada söhbət sadəcə sponsorluqdan deyil, onların məsuliyyət və öhdəliklərindən gedir. Lakin təəssüf ki, bu ölkələr prosesdə iştirak etmədiklərinə görə bütün yük Azərbaycan dövlətinin və bölgədən olan insanların çiyinlərinə düşür:"Yeri gəlmişkən, həmin bölgələrdən olan insanlar bəzən belə bir təklif irəli sürürlər ki, dövlət onlara imkan və icazə versin, öz kəndlərini, yaşayış məntəqələrini və mülklərini özləri bərpa etsinlər. Məncə, bu, nəzərə alınmalı maraqlı təklifdir. Çünki xüsusilə Cəbrayılın kəndlərində mülkiyyət obyektlərinin dövlət proqramları çərçivəsində bərpası böyük maliyyə vəsaiti və uzun zaman tələb edir. Halbuki insanlar öz imkanları hesabına, dövlətin müəyyən dəstəyi ilə bu işləri həyata keçirə bilərlər. Düşünürəm ki, belə bir yanaşma qayıdış prosesini sürətləndirə bilər.Ümumilikdə, bu proses ölkədə sosial vəziyyətin yaxşılaşmasına da töhfə verir. Eyni zamanda, həmin ərazilərdə istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması ölkə iqtisadiyyatının güclənməsinə təkan verə bilər. Siyasi və sosial baxımdan isə əhalinin müxtəlif bölgələrdə məskunlaşması, insanların öz doğma yurdlarına qayıdaraq orada yaşaması böyük şəhərlərdə, xüsusilə Bakıda sıxlığın azalmasına, eləcə də ölkənin ümumi demoqrafik vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.Bütün bunları nəzərə alaraq hesab edirəm ki, məcburi köçkünlərin doğma yurdlarına qayıtması olduqca müsbət və vacib prosesdir. Vətən və doğma torpaq insan üçün hər şeydən önəmlidir. İnsanlar öz evlərinə, yurdlarına qayıtdıqda, təbii ki, bundan məmnunluq duyurlar. Bu proses nə qədər sürətlə həyata keçirilsə, köçkünlərin qayıdışı nə qədər geniş miqyas alsa, həmin ərazilərdə yaşayan və gələcəkdə yaşayacaq insanlar iş yerləri və digər zəruri xidmətlərlə nə qədər yaxşı təmin olunsa, nəticə bir o qədər müsbət olar. Bu, bütövlükdə xalqın məmnunluğuna da öz töhfəsini verəcək. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərə insanların qayıtması və həmin bölgələrin yenidən bərpası çox müsbət hadisədir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər