PDF Oxu

Siyasət

  • 1 235

“Dövlət hesabına hüquqi yardım həssas qruplara qayğının göstəricisidir” - BƏHRUZ MƏHƏRRƏMOV

“Dövlət hesabına hüquqi yardım həssas qruplara qayğının göstəricisidir” - BƏHRUZ MƏHƏRRƏMOV

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit olunub. Qanunla nəzərdə tutulmuş hallarda belə yardımın dövlət hesabına, ödənişsiz göstərilməsi vətəndaşların konstitusion hüquqlarının daha geniş təmin olunmasına xidmət edir.SİA xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Bildirilib ki, dövlət büdcəsi hesabına əhalinin həssas təbəqələrinə hüquqi yardım göstərilməsi dövlətin humanist mahiyyətini və insan hüquqlarına verdiyi yüksək dəyəri nümayiş etdirir. Qanunun məhz indiki mərhələdə qəbul edilməsi isə dövlətin artan iqtisadi gücünün və maliyyə imkanlarının göstəricisidir.Deputat qeyd edib ki, son illərdə, xüsusilə son altı il ərzində Milli Məclis və Vəkillər Kollegiyası arasında uğurlu əməkdaşlıq formalaşıb. Bu əməkdaşlıq seçicilərin hüquqlarının müdafiəsi mexanizmlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vəkillərin sosial müdafiəsi və peşə fəaliyyətinin təminatlarının genişləndirilməsi istiqamətində qanunvericiliyə edilən dəyişikliklər parlament səviyyəsində dəstəklənib.O, Vəkillər Kollegiyasının son illərdəki inkişafını, kəmiyyət və keyfiyyət dəyişikliklərini, elektron vəkillik sisteminin tətbiqini də yüksək qiymətləndirib. Bildirib ki, seçki dairələrində təşkil olunan ödənişsiz hüquqi yardım aksiyaları və deputat müraciətləri əsasında həssas əhali qruplarına göstərilən hüquqi xidmətlər artıq ənənəvi xarakter alıb.Deputat bu prosesdə fəal iştirak edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla, bütün vəkil həmkarlarına təşəkkürünü çatdırıb. Qanun layihəsində ödənişsiz hüquqi yardımın təşkili üzrə Vəkillər Kollegiyasının müəyyənləşdirilməsini də quruma göstərilən etimadın nəticəsi kimi qiymətləndirib.Qeyd olunub ki, qanun layihəsi hüquqi yardım sistemində ikipilləli mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Birinci pillə ilkin hüquqi yardımı əhatə edir. Buraya hüquqi məlumatlandırma, ərizə və şikayətlərin hazırlanması, təqdim edilməsi və digər ilkin hüquqi xidmətlər daxildir. Bu məqsədlə qanunvericilikdə ilk dəfə olaraq paraleqal institutunun yaradılması təklif olunur.Paraleqallar Vəkillər Kollegiyasının üzvü olmayan, lakin xüsusi təlim keçərək sertifikat almış ali təhsilli şəxslərdir. Layihəyə əsasən, onlar dövlət büdcəsi hesabına ilkin hüquqi yardım göstərə biləcəklər. Eyni zamanda ali təhsil müəssisələrinin hüquq klinikalarının tələbə və müəllim heyətinin də bu prosesə cəlb edilməsi nəzərdə tutulur.İkinci pillə isə məhkəmələrdə, xüsusilə Konstitusiya Məhkəməsində və digər instansiya orqanlarında təmsilçilik və müdafiəni əhatə edən peşəkar hüquqi yardımdır. Bu istiqamətdə pro bono prinsipi əsasında vəkillərin ictimai fayda naminə ildə ən azı 30 saat ödənişsiz hüquqi yardım göstərməsi öhdəliyi müəyyənləşdirilir. Öhdəliyi yerinə yetirməyən vəkillərin göstərilməyən hər saat üçün Vəkillər Kollegiyasına 18 manat ödəməsi təklif olunur.Deputatın sözlərinə görə, qanun layihəsində ödənişsiz hüquqi yardım almaq hüququ olan şəxslər iki əsas kateqoriyaya bölünür. Birinci kateqoriyaya aztəminatlı şəxslər – ünvanlı dövlət sosial yardımı alanlar, işləməyən əlilliyi olan şəxslər və rəsmi işsiz statusuna malik şəxslər daxildir.İkinci kateqoriyaya isə xüsusi həssas qruplar aid edilir. Bunlara şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alveri və məişət zorakılığı qurbanları, cinsi zorakılığa məruz qalmış uşaqlar, yetkinlik yaşına çatmayanlar, valideyn himayəsindən məhrum olanlar, qaçqınlar və siyasi sığınacaq almış şəxslər, son bir il ərzində cəzaçəkmə müəssisəsindən azad olunmuş və probasiya nəzarətində olan şəxslər, həmçinin korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslər daxildir.Ödənişsiz hüquqi yardımın təşkilinin Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Layihədə müraciətlərə baxılma mexanizmi və müddətləri, ödənişlər və hesabatlılıq məsələləri də tənzimlənir.Deputat vurğulayıb ki, qanun layihəsi ölkədə ödənişsiz hüquqi yardım mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılması və milli təcrübənin formalaşdırılması baxımından əhəmiyyətlidir. O, Böyük Britaniya, ABŞ, Kanada, Fransa və Almaniyanın təcrübələrinə toxunaraq, bu ölkələrdə dövlət maliyyələşməsi, vəkillərin pro bono fəaliyyəti və hüquq klinikaları vasitəsilə əhaliyə hüquqi yardım göstərildiyini diqqətə çatdırıb.Sonda deputat bildirib ki, ödənişsiz hüquqi yardım mexanizminin formalaşdırılması vətəndaşların konstitusion hüquqlarının təminatını, hüquqi xidmətlərin əlçatanlığını və əhalinin hüquqi maarifləndirilməsini əhəmiyyətli dərəcədə gücləndirəcək. O, həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıb.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər