PDF Oxu

Siyasət

  • 1 117

“Pulsuz hüquqi yardım üçün müraciət prosesi elektronlaşdırılmalıdır“ -NİGAR MƏMMƏDOVA

“Pulsuz hüquqi yardım üçün müraciət prosesi elektronlaşdırılmalıdır“ -NİGAR MƏMMƏDOVA

“Qanun layihəsinin əsas məqsədi hüquqi xidmətlərin haqqını ödəmək imkanı olmayan şəxslərin də öz hüquq və qanuni maraqlarını səmərəli şəkildə müdafiə edə bilməsi üçün vahid mexanizmin yaradılmasıdır. Maddi çətinliklər heç bir vətəndaşın hüquqi müdafiədən kənarda qalmasına səbəb olmamalıdır”.SİA xəbər verir ki, bu fikirləri deputat Nigar Məmmədova Milli Məclisin “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.O bildirib ki, hüquqların real təminatı onların müdafiəsi imkanının hər kəs üçün əlçatan olmasını nəzərdə tutur. Bu baxımdan qanun layihəsi sosial əhəmiyyət daşıyır və vətəndaşların hüquqlarının müdafiəsi, sosial ədalətin təmin edilməsi istiqamətində mühüm addımdır.Deputat xüsusilə müraciət prosesinin elektronlaşdırılmasının əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, bu yanaşma müraciətlərin daha şəffaf və sistemli idarə olunmasına, məlumatların elektron qaydada emalına və prosesin avtomatlaşdırılmasına imkan yaradır. Eyni zamanda, elektron sistemlər müraciətlərin hər mərhələsinin izlənilməsini asanlaşdırır və hesabatlılığın gücləndirilməsinə xidmət edir.O qeyd edib ki, mövcud elektron imkanların inkişaf etdirilməsi ilə yanaşı, dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi də vacibdir. Qanunla müəyyən edilmiş hallarda vətəndaşlar pulsuz hüquqi yardım almaq üçün müvafiq məlumatları təqdim etməlidirlər. Dövlət informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi həmin məlumatların təkrar toplanması zərurətini azaldacaq və məlumat mübadiləsini asanlaşdıracaq.Deputatın sözlərinə görə, elektron sistemin vətəndaşlar üçün rahat və anlaşıqlı olması da mühüm əhəmiyyət daşıyır. Müraciətin hansı mərhələdə olduğu, hansı məlumatların yoxlanıldığı və prosesin vəziyyəti barədə elektron qaydada məlumat əldə etmək imkanı vətəndaşların məlumatlılığını artırmaqla yanaşı, sistemə etimadı da gücləndirə bilər.O vurğulayıb ki, elektronlaşdırma yalnız sənədlərin elektron formada təqdim edilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd bütün prosesin mümkün qədər sadələşdirilmiş, avtomatlaşdırılmış və şəffaf şəkildə təşkilidir. Bu baxımdan dövlət xidmətlərinin elektronlaşdırılması siyasətinə uyğun olaraq, pulsuz hüquqi yardım sahəsində də elektron infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi məqsədəuyğundur.Nigar Məmmədova bildirib ki, elə bir sistem qurulmalıdır ki, vətəndaş vaxtını sənədlərin toplanmasına deyil, öz hüquqlarının müdafiəsinə sərf etsin. Bu, həm də vəkil əməyinin ədalətli qiymətləndirilməsinə töhfə verəcək və hər kəsin keyfiyyətli hüquqi yardım almaq imkanını genişləndirəcək. Deputat qanun layihəsini dəstəklədiyini və onun lehinə səs verəcəyini bildirib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər