Azərbaycanın son illərdə əldə etdiyi siyasi və diplomatik uğurlar ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini göstərir. Bu yüksəlişin təməlində milli maraqlara söykənən dövlət siyasəti, xalqımızın birliyi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi dayanır. Prezident İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi inkişaf yolunu və qarşıya qoyduğu strateji hədəfləri aydın şəkildə əks etdirdi.
Forumun beynəlxalq miqyası Azərbaycanın dialoq və əməkdaşlıq sahəsində qazandığı etimadın mühüm göstəricisidir. 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirak etdiyi, ümumilikdə 2000-dən artıq şəxsin qeydiyyatdan keçdiyi tədbir ölkəmizin qlobal müzakirələr üçün yaratdığı platformanın nüfuzunu nümayiş etdirdi. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum ötən müddətdə müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və ictimaiyyət nümayəndələrinin fikir mübadiləsi apardığı əhəmiyyətli məkana çevrilib.
Müasir dünyada siyasi ziddiyyətlərin, münaqişələrin və qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə mədəniyyətlərarası anlaşmanın təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə yalnız çağırışlarla kifayətlənmir, real əməkdaşlıq imkanları yaradır. Bakı Forumunun davamlı keçirilməsi ölkəmizin fərqli mövqeləri bir araya gətirmək və ortaq maraqlar ətrafında dialoq qurmaq bacarığını təsdiqləyir.
Bu siyasətin əsasını təşkil edən milli həmrəylik Azərbaycanın daxili sabitliyinin ən mühüm təminatlarından biridir. Ölkəmizdə müxtəlif etnik qrupların və dini icmaların qarşılıqlı hörmət şəraitində yaşaması dövlətin multikulturalizm siyasətinin real nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, cəmiyyətdə mövcud olan birlik və həmrəylik dövlətin gücünü müəyyənləşdirən başlıca amillərdəndir. Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəylik bu birliyin sadəcə mənəvi prinsip deyil, milli iradənin güclü ifadəsi olduğunu sübut etdi.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı Qələbə uzun illər davam edən işğala son qoyulmasının əsasını yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyimizin ölkənin bütün ərazisində bərqərar olması ilə nəticələndi. Bu hadisələr Azərbaycanın öz milli təhlükəsizliyini və beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Tarixi Qələbənin əhəmiyyəti hərbi nəticələrlə məhdudlaşmır. Əldə olunan nailiyyətlər ölkəmizə uzunmüddətli inkişaf planlarını daha geniş miqyasda həyata keçirmək imkanı verib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir yaşayış məntəqələrinin salınması, nəqliyyat və enerji layihələrinin reallaşdırılması yeni mərhələnin əsas istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində insanların öz doğma yurdlarına köçürülməsi isə Qələbənin ən mühüm humanitar nəticələrindən biridir.
Azərbaycanın müharibədən sonra nümayiş etdirdiyi siyasi mövqe də xüsusi diqqətə layiqdir. Ölkəmiz hərbi üstünlüyünü yeni qarşıdurmaların başlanğıcına deyil, regionda davamlı sülhün qurulmasına yönəltməyi seçdi. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması istiqamətində irəli sürülən təşəbbüslər bu yanaşmanın konkret təzahürüdür. 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı ilə sülh sazişi layihəsinin paraflanması Azərbaycanın diplomatik səylərinin mühüm nəticəsi kimi qiymətləndirilə bilər.
Bu addım göstərir ki, Azərbaycan regional sabitliyin təmin edilməsində məsuliyyətli mövqe nümayiş etdirir. Sülhün möhkəm təməllər üzərində qurulması üçün qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq öhdəliklərə hörmət əsas götürülməlidir. Ölkəmizin irəli sürdüyü yanaşma məhz bu prinsiplərə əsaslanır.
Azərbaycanın xarici siyasətinin uğurları müxtəlif qitələri və siyasi mərkəzləri əhatə edən tərəfdaşlıq əlaqələrində də özünü göstərir. Çinlə 2025-ci ilin aprelində imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə, ABŞ-la yaradılmış strateji əməkdaşlıq formatı, eləcə də Avropa İttifaqının 10 üzv dövləti ilə mövcud olan strateji tərəfdaşlıq sənədləri ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini təsdiqləyir.
Bu münasibətlərin əsas xüsusiyyəti Azərbaycanın hər hansı siyasi mərkəzdən asılı olmadan, öz milli prioritetlərini rəhbər tutaraq əməkdaşlıq qurmasıdır. Müxtəlif istiqamətlərdə tərəfdaşlıqların inkişafı ölkəmizin həm siyasi, həm də iqtisadi imkanlarını artırır. Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı faydaya, bərabərhüquqlu əməkdaşlığa və dövlətlərin suverenliyinə hörmətə üstünlük verir.
Çoxtərəfli platformalarda əldə edilən nailiyyətlər də bu siyasətin nəticələrindəndir. Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılması ölkəmizə göstərilən etimadın ifadəsidir. Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi dəvət olunmağımız isə regional əməkdaşlıq sistemində mövqeyimizin genişləndiyini göstərir.
Yaxın illərdə Bakının iki mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi də ölkəmizin artan nüfuzunun göstəricisi olacaq. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə görüşlərinin Azərbaycanda keçirilməsi müxtəlif siyasi və mədəni məkanlar arasında əlaqələrin inkişafına töhfə verəcək.
Bütün bunlarla yanaşı, Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri də enerji təhlükəsizliyi və nəqliyyat sahəsindəki imkanlarıdır. Ölkəmiz etibarlı enerji təchizatçısı kimi beynəlxalq bazarlarda mühüm rol oynayır. Şərq-Qərb və digər nəqliyyat istiqamətlərində həyata keçirilən layihələr isə Azərbaycanın tranzit imkanlarını genişləndirir. Bu üstünlüklər xarici siyasətin iqtisadi əsaslarını daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Forumdakı çıxışında diqqət yetirilən məsələlərdən biri də beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartlar problemi idi. Azərbaycan uzun illər ərzində beynəlxalq qərarların icrasız qalmasının hansı ağır nəticələrə gətirib çıxardığını öz təcrübəsində görüb. Buna görə də ölkəmiz bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni hüquqi meyarlarla yanaşılmasını vacib hesab edir. Beynəlxalq münasibətlərdə ədalət və prinsipiallıq olmadan etibarlı əməkdaşlıq qurmaq mümkün deyil.
Beləliklə, Azərbaycanın bugünkü siyasi mənzərəsi ardıcıl və məqsədyönlü dövlət strategiyasının nəticəsidir. Milli birlik hərbi Qələbəyə zəmin yaratdı, suverenliyin tam bərpası ölkənin inkişaf perspektivlərini genişləndirdi, müstəqil diplomatiya isə yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın qazandığı tarixi nailiyyətləri davamlı sülhə, iqtisadi tərəqqiyə və beynəlxalq nüfuzun daha da yüksəlməsinə yönəldir.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı