PDF Oxu

Siyasət

  • 482

Azərbaycanın qlobal nüfuzu və yeni geosiyasi reallıqlar: güclü dövlət, müstəqil siyasət - ŞƏRH

Azərbaycanın qlobal nüfuzu və yeni geosiyasi reallıqlar: güclü dövlət, müstəqil siyasət - ŞƏRH

Dünya siyasətində mövqeyini qorumaq və möhkəmləndirmək istəyən hər bir dövlət üçün siyasi iradə, iqtisadi imkanlar, milli birlik və düzgün müəyyənləşdirilmiş xarici siyasət kursu mühüm əhəmiyyət daşıyır. Azərbaycan son illərdə bu istiqamətlərin hər birində mühüm nailiyyətlər əldə edərək beynəlxalq münasibətlər sistemində özünəməxsus yerini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxış ölkəmizin yeni geosiyasi reallıqlar şəraitində həyata keçirdiyi siyasətin mahiyyətini bir daha nümayiş etdirdi.

Oktyabrın 27-də Bakıda təşkil olunan beynəlxalq forum Azərbaycanın yalnız regional proseslərdə deyil, qlobal dialoq və əməkdaşlıq məsələlərində də fəal iştirak etdiyini göstərən mühüm hadisə oldu. Müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin və ictimai xadimlərin bir araya gəlməsi tədbirin əhatə dairəsini genişləndirdi. 2011-ci ildən etibarən Azərbaycanın təşəbbüsü ilə keçirilən bu platforma artıq beynəlxalq gündəlikdə özünəməxsus mövqeyə malikdir.
Forumun 2000-dən artıq iştirakçı tərəfindən izlənilməsi və 100-dən çox ölkəni təmsil edən 500-dən artıq qonağın Bakıya gəlməsi Azərbaycanın təşkilatçılıq imkanları ilə yanaşı, beynəlxalq etimadını da əks etdirir. Müxtəlif mədəniyyətlər, dinlər və siyasi baxışlar arasında anlaşmanın təşviq edilməsi ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Azərbaycan dialoqun real nəticələr verməsi üçün beynəlxalq tərəfdaşlara ortaq müzakirə və əməkdaşlıq mühiti təqdim edir.
Ölkəmizin bu sahədəki nüfuzunun arxasında cəmiyyətdə formalaşmış möhkəm milli həmrəylik dayanır. Azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid dövlətçilik düşüncəsi ətrafında birləşdirən əsas amillərdəndir. Bu model ölkəmizdə ictimai sabitliyin qorunmasına, milli maraqların ümumi məqsədə çevrilməsinə xidmət edir. Xalqımızın 2020-ci ildə nümayiş etdirdiyi birlik isə həmin dəyərlərin ən parlaq təzahürü oldu.
Vətən müharibəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə də ciddi təsir göstərdi. 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzün böyük hissəsi işğaldan azad edildi, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri ilə isə dövlət suverenliyimiz tam təmin olundu. Bu tarixi proses Azərbaycan dövlətinin öz gücünə, ordusuna və xalqının birliyinə arxalanaraq milli məqsədlərinə nail olduğunu təsdiqlədi.
Qazanılmış Zəfər ölkəmizin qarşısında yeni imkanlar açdı. Uzun müddət münaqişə və işğal amilinin yaratdığı məhdudiyyətlər aradan qalxdıqdan sonra Azərbaycan diqqətini genişmiqyaslı quruculuq layihələrinə yönəltdi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur işləri, yeni yaşayış məntəqələrinin salınması, təhsil və sosial obyektlərin inşası bu siyasətin əsas istiqamətləridir. Doğma torpaqlarından didərgin düşmüş insanların mərhələli şəkildə öz evlərinə qayıtması tarixi ədalətin bərpasının mühüm nəticəsidir.
Dövlətimizin gücünü müəyyən edən məqamlardan biri də Qələbədən sonra nümayiş etdirilən siyasi məsuliyyətdir. Azərbaycan münaqişənin başa çatdırılmasından sonra regionda yeni qarşıdurma mühiti yaratmağa çalışmadı. Əksinə, Ermənistanla münasibətlərin hüquqi əsaslar üzərində normallaşdırılması üçün sülh təşəbbüsü ilə çıxış etdi. Prezident İlham Əliyevin Forumdakı çıxışında bu məsələyə xüsusi yer ayrılması Azərbaycanın regional gələcəklə bağlı mövqeyinin aydın ifadəsi idi.
Sülh müqaviləsinin məhz Azərbaycanın təşəbbüsü əsasında hazırlanması və 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanması diplomatik prosesdə əhəmiyyətli mərhələ hesab olunur. Bu hadisə ölkəmizin hərbi-siyasi üstünlüyünü diplomatik müstəvidə də nəticəyə çevirmək niyyətini göstərir. Azərbaycan üçün əsas məqsəd əldə olunmuş sülh imkanlarının uzunmüddətli təhlükəsizlik sisteminə çevrilməsidir. Bunun üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi və qarşılıqlı etimadın formalaşdırılması vacibdir.
Azərbaycanın beynəlxalq siyasətində diqqət çəkən digər xüsusiyyət müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlərin qurulmasıdır. Ölkəmiz Çin, ABŞ və Avropa dövlətləri ilə əlaqələrini öz milli maraqları çərçivəsində inkişaf etdirir. 2025-ci ilin aprelində Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması, ABŞ-la strateji əməkdaşlıq formatının yaradılması və Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu Azərbaycanın diplomatik fəaliyyətinin geniş coğrafiyasını ortaya qoyur.
Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini qoruduğunu göstərir. Ölkəmiz ayrı-ayrı dövlətlərin geosiyasi maraqlarının toqquşduğu şəraitdə öz mövqeyini milli mənafelər əsasında müəyyənləşdirir. Bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri Azərbaycan diplomatiyasının əsas istiqamətlərini təşkil edir.
Regional əməkdaşlığın genişləndirilməsi də ölkəmizin xarici siyasətində prioritet yer tutur. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv kimi dəvət edilməsi bu baxımdan mühüm siyasi hadisədir. Bu qərar ölkəmizin yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada əməkdaşlıq proseslərinin fəal iştirakçısı kimi qəbul edildiyini göstərir.
AQEM-də sədrliyimizin əlavə iki il müddətinə uzadılması da beynəlxalq tərəfdaşların Azərbaycana etimadının göstəricisidir. Bu təşkilat çərçivəsində ölkəmizin fəaliyyəti Asiya və Avropa arasında siyasi dialoqun inkişafına, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə töhfə verir.
Bakının gələcək illərdə beynəlxalq siyasi tədbirlərin mərkəzlərindən birinə çevrilməsi gözlənilir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin zirvə toplantılarının ölkəmizdə təşkili Azərbaycanın fərqli siyasi platformalarla əlaqələrini daha da genişləndirəcək. Bu tədbirlər həm də Bakının beynəlxalq dialoq məkanı kimi mövqeyini möhkəmləndirəcək.
Ölkəmizin artan geosiyasi əhəmiyyətini şərtləndirən amillər sırasında enerji və nəqliyyat imkanları xüsusi yer tutur. Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması, Avropa və digər regionların enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin strateji rolunu artırır. Eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanı mühüm logistika və tranzit mərkəzlərindən birinə çevirir. Bu sahələrdə yaradılan infrastruktur siyasi əməkdaşlığın iqtisadi məzmununu gücləndirir.
Bununla belə, Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasında prinsipiallıq əsas meyarlardan biri olaraq qalır. Ölkəmiz beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiq olunmasını, qəbul edilmiş qərarların kağız üzərində qalmamasını vacib hesab edir. Keçmiş münaqişənin həlli prosesində beynəlxalq təşkilatların qərarlarının uzun müddət icrasız qalması Azərbaycanın bu məsələdəki mövqeyini daha da əsaslandırır. Ədalətə əsaslanmayan münasibətlər sisteminin davamlı sülh yaratması mümkün deyil.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın bu gün hansı siyasi və iqtisadi imkanlara malik olduğunu göstərməklə yanaşı, gələcək prioritetlərini də müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı. Ölkəmiz tarixi Qələbəsini suveren dövlət quruculuğu, regional sülh və beynəlxalq əməkdaşlıq üçün yeni başlanğıca çevirib. Müstəqil xarici siyasət, güclü iqtisadi potensial və milli həmrəylik Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə yalnız hadisələri izləyən və onlara reaksiya verən dövlət deyil. Ölkəmiz təşəbbüslər irəli sürür, əməkdaşlıq platformaları yaradır və regional proseslərin gələcək istiqamətinə təsir göstərir. Məhz bu fəal mövqe, milli maraqlara sədaqət və konkret nəticələrə əsaslanan dövlət siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Zərnişan Əliyeva
YAP Babək rayon təşkilatının fəal üzvü

Digər xəbərlər